Metronun iş rejimində dəyişiklik ediləcək

Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

Tariximizə həm də qəhrəmanlıq salnaməsi kimi yazılmış 1990-cı ilin 20 yanvar hadisəsinin ildönümü Bakı metropolitenində, hər il olduğu kimi, ehtiramla yad ediləcək.

Qanlı qırğının miqyasının daha böyük olmamasında Bakı metropoliteninin fədakar kollektivinin xüsusi əməyi olub. Həmin gecə Bakı metropoliteni rəhbərliyinin göstərişilə stansiyalarda səhərə qədər qatarların hərəkəti dayandırılmayıb. Növbədə olan, eləcə də həmkarlarının köməyinə çatan metropolitençilərin fədakarlığı sayəsində yüzlərlə insanın həyatı xilas edilib, yaralılar xəstəxanalara çatdırılıb, metropolitenin stansiya, platforma, tunel və keçidləri günahsız insanların xilas yerinə çevrilib.

O gecənin xatirəsini daim qoruyan Bakı metropolitenində silsilə tədbirlər planlaşdırılıb. Bununla yanaşı, metropolitenin iş rejimində dəyişikliklər ediləcək.

Yanvar ayının əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilib. Stansiyada bərpa hazırlıq tədbirləri yekunlaşmaq üzrədir.

Yanvarın 19-dan 20-nə keçən gecə “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiyanın platformasının hər iki giriş sahəsində qərənfillərdən ibarət xüsusi tərtibatlı çələng qoyulacaq.

Metropolitenin çoxminlik kollektivinin nümayəndələri gün ərzində şəhidlərimizin, o cümlədən müdhiş gecənin qurbanları arasında olan iki metropolitençinin - İlqar Qarayev və Əflatun Kazımovun əbədi xatirəsinə ehtiram olaraq, Şəhidlər Xiyabanını ziyarət edəcək. Şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti olaraq, Yanvar ayının 20-si günün birinci yarısında “20 Yanvar” stansiyasının platformasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək.

Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə günün ruhuna uyğun vətənpərvərlik mövzusunda musiqi parçaları səsləndiriləcək. Qatarlarda stansiyaların adlarını maşinistlər səsləndirəcəklər. “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı halda xəttə buraxılacaq. Bütün ölkədə olduğu kimi, şəhidlərimizin xatirəsinə birdəqiqəlik sükut mərasimi 12:00-da Bakı metropoliteninin bütün stansiyalarında keçiriləcək və qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək. Bu məqsədlə xətlərdə olan bütün qatarlar stansiyalara çıxarılacaq.

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivin üzvləri sükut dəqiqəsində stansiyaya gələn sərnişinlərlə, o cümlədən ictimaiyyətin nümayəndələri ilə birlikdə olacaq.

Allah bütün şəhidlərimizin məqamını daim uca etsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR