Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni iddia: Putin Vaşinqton ilə gizli razılaşıb?

ABŞ-nin dövlət katibi Antoni Blinken İsveçrədə keçirilən Davos İqtisadi Forumunda çıxışı zamanı Ukraynanın çətin vəziyyətdə olduğunu deyib.

O, Rusiyanın müharibəni davam etdirmək üçün ciddi resurslarının olduğunu bildirib.

“Bu, şiddətli savaşdır. Rusiyanın, həqiqətən, ciddi imkanları var. 2023-cü ilin sonundan etibarən Kiyev çətin vəziyyətə düşüb”, - o söyləyib.

Mövzuya münasibət bildirən siyasi şərhçi Kənan Novruzov Metbuat.az-a deyib ki, müharibənin ilk vaxtlarından fərqli olaraq artıq Qərbdə Ukraynaya dəstəklə bağlı fikir ayrılığı yaranıb:

“Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. Artıq bu ziddiyyət nəinki ABŞ-la Avropa İttifaqı (Aİ) arasında, həm də ABŞ və Aİ daxilində hiss olunur. Bunun əsas səbəbi isə Ukraynanın əks-hücum əməliyyatlarının uğursuzluğudur”.

Ekspert hesab edir ki, Vaşinqton-Kiyev arasında dəstək bərpa oluna bilər, amma həcmin artacağı inandırıcı deyil:

“ABŞ-də prezident seçkiləri yaxınlaşır. Belə bir vaxtda rəsmi Vaşinqton xərclərə daha diqqətlə yanaşacaq. Çünki seçki kampaniyası üçün də xeyli vəsait lazımdır.

Ümumiyyətlə, ABŞ-nin məqsədi Ukraynanın qalib gəlməsi deyil. Vaşinqton Rusiyanın zəifləməsini, daha dəqiq desək, idarəolunan vəziyyətə gəlməsini istəyir. Bunun üçün isə əsas şərt döyüşlərin mümkün qədər uzadılmasıdır. Odur ki, Ukraynaya göstərilən dəstək sadəcə müqavimət, başqa sözlə desək, sağ qalmaq üçündür”.

Kənan Novruzovun qənaətinə görə, Ukraynaya dəstəyin azaldılması hakimiyyətdə olan Demokratların əlini gücləndirmək üçündür:

“Həm Ukrayna, həm də Qərb dövlətləri başa düşürlər ki, müharibənin taleyi məhz Demokratlardan asılıdır. Eyni zamanda, istisna deyil ki, Bayden administrasiyası seçki ərəfəsində Rusiya ilə münasibətlərin yumşalmasına nail olmaq istəyir. Hər halda, bu məqamlar mövcud hakimiyyət üçün divident qazandıra bilər. Artıq həm Rusiya, həm də Ukrayna yorulub. Ola bilsin, tərəflər dil tapsın. Amma ABŞ Ukraynanı silahlandırmaqla bir növ "döyüş" əmri verir. Belə olan halda Rusiya mübarizə aparmağa məcburdur. ABŞ-nin "əlini Ukraynanın çiynindən götürməsi " isə ağır nəticələrə səbəb ola bilər”.

Müharibənin əvvəlindən bəri istisna edilməyən və reallıq ehtimalı getdikcə artan əsas ssenarilərdən birinin Rusiya ilə ABŞ arasında gizli razılığın ola biləcəyi barədə danışan K. Novruzov ehtimal edir ki, gələcəkdə Ukraynanın tərəflər arasında bölünməsi mümkündür.

“Döyüş meydanındakı vəziyyətdən asılı olaraq ABŞ-nin strateji məqsədləri dəyişir. Ola bilsin, əvvəllər Rusiyanın zəifləməsini istəyən Qərb indi prioritetini dəyişib. Dövlətlərin daimi dostları yox, daimi maraqları olur. Əgər Ukrayna döyüş meydanında uduzarsa və Rusiya qələbədən sonra daha böyük hegemonluq eşqinə düşərsə, bunun günahkarı ABŞ olacaq. Və proseslər onu göstərir ki, Vaşinqton Kiyevi tədricən məğlubiyyətə hazırlayır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR