"Məlumatları İrandan Ermənistana göndəriblər" - Deputat sui-qəsddən danışdı

"Məhkəmə gedir artıq və məhkəmə prosesində bütün məsələlər aydınlaşacaq. Bu, İrandan maliyyələşən terrorçu qrupun oradan aldığı sifariş nəticəsində törədilən bir terror aktıdır. Bu terror aktı da birbaşa mənim həyatıma son verməklə bağlıdır".

Bunu Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. O bildirib ki, terrorçu qruplaşmanın təkcə ona qarşı yox, bütövlükdə Azərbaycan xalqına qarşı fəaliyyəti ifşa olunub:

"Çünki hərbi obyektlərimizin fotoları və s. bu şəbəkə vasitəsi ilə İrana, oradan da Ermənistana ötürülüb. Bu baxımdan sözügedən şəbəkə təkcə mənə aid məsələ deyil, bütün dövlətə və xalqa xəyanət etmiş qruplaşmanın məhkəmə prosesindən söhbət gedir. Bizim üçün bu qruplaşmanın fəaliyyəti kifayət qədər aydındır. İstintaq zamanı yəqin ki, yeni materiallar üzə çıxacaq. Onlar bu addımı guya hansısa dini zəmində, hansısa fikri qəbul etmədikləri üçün atdıqlarını deyirlər. Halbuki belə deyil, bu, bilavasitə xaricdən verilmiş, sifariş edilmiş terror aktıdır və məhkəmə prosesində bu artıq üzə çıxmaqdadır".

Qeyd edək ki, ötən il martın 28-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi dünən başlayıb. Təqsirləndirilən şəxslər hadisəni deputatın dinlə bağlı səsləndirdiyi fikirlərə görə törətdiklərini bildiriblər.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR