​“Qərbin nə Ermənistan, nə də Azərbaycan sevgisi var" - Fikrət Yusifov​

“Mən dəfələrlə demişəm, Qərbin nə Ermənistana, nə də Azərbaycana sevgisi var. Qərb sadəcə Cənubi Qafqazdan Rusiyanı hansı yolla olursa-olsun vurub çıxartmaq və burada özünə yer etmək istəyir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Azərbaycanın keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru professor Fikrət Yusifov deyib.

Onunla son günlərin siyasi gündəmini müzakirə etdik. Həmin müsahibəni təqdim edirik:

Fikrət müəllim, Prezident İlham Əliyev bu il yanvarın 10-unda yerli televiziya kanallarına verdiyi müsahibəsində belə bir sitat demişdi.

“Biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də, təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilib”.

Ötən il “layların altından” Fransanın səsini çox eşitdik. Necə düşünürsünüz, Ermənistanı şəxsi maraqları naminə alətə çevirən Qərb indi Fransanı önə atıb?

İkinci Qarabağ müharibəsinin 44 gündə qalibiyyətlə başa çatacağını Qərb və Ermənistana qəyyumluq etmək üçün dəridən-qabıqdan çıxan Fransa gözləmirdi. Ermənistanın acınacaqlı məğlubiyyəti Qərbin ermənipərəst dairələrinə vurulan ciddi bir zərbə idi. Bu məğlubiyyətdən sonra onlar nə qədər canfəşanlıq göstərsələr də, sonda reallıqla barışmaqdan başqa yolları qalmadı. Lakin ümidlərini də itirmədilər. Qarabağın ermənilər yaşayan az bir ərazisində hələ çox işlər görməyin mümkünlüyünə inanaraq hərəkətə keçdilər. Lakin Azərbaycana göstərilən təziqlər heç bir səmərə vermədi. Əllərindən gələn yeganə o oldu ki, müharibədə ağır məğlubiyyətə məruz qalmış Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamasına hər vəchlə mane oldular. Təbi ki, bu sırada Fransa öz aktivliyi ilə xüsusi seçilirdi.

Qərb üçün ikinci böyük zərbə Azərbaycan Ordusunun keçən ilin sentyabr ayında keçirdiyi antiterror əməliyyatı oldu. Bu əməliyyat o qədər böyük sürətlə və peşəkarlıqla keçirildi ki, Qərb və onun adından danışan Fransa prosesə müdaxilə etməyə imkan belə tapmadı. Separatçıların təkidi ilə bir neçə gün ərzində ermənilərin Qarabağı tərk edərək Ermənistana getməsi isə Qərbin bölgə ilə bağlı bütün ümidlərini puça çıxartdı.

Mən dəfələrlə demişəm, Qərbin nə Ermənistan, nə də Azərbaycan sevgisi yoxdur. Qərb sadəcə Cənubi Qafqazdan Rusiyanı hansı yolla olursa-olsun vurub çıxartmaq və burada özünə yer etmək istəyir. Bütün cənfəşanlıqlara baxmayaraq, bu Qərb üçün həlli mümkün olmayan bir məsələdir.

İkinci Qarabağ müharibəsindən 3 il vaxt keçməsinə baxmayaraq Ermənistan sülhə gedən yolda süni əngəllər yaradır. Baş nazir Nikol Paşinyanın “U dönüşünü” xatırladan siyasəti müxalifətin maraqları ilə toqquşmur. Ermənistan sülhə razılaşarsa, bu onu Qərbin “caynağından” xilas edə bilərmi?

Qərb Ermənistanı Rusiyanın üzərinə qaldırıb, onu Rusiyanın “caynağı”ndan xilas etmək kimi səylərin işləyəcəyinə ümidlənsə də, sonda bu ümidləri doğrultmadı. Reallıqları başa düşən Ermənistan rəhbərliyi Rusiyanı baykot iddiasından yavaş-yavaş əl çəkməyə başladı və keçən ilin sonlarında N.Paşinyan Putinin dəvəti ilə Rusiyaya səfər edib, MDB çərçivəsində keçirilən tədbirlərə qatılıb.

Bu gün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini bağlamaq nədən mümkün olmur? Bunu kim istəmir? Onun bağlanması prosesinin uzadılmasının arxasında hansı qüvvələr və hansı maraqlar dayanır? Bütün bu suallar hər kəsi düşündürsə də, əslində onların hamısının cavabı var. Ermənistan bu məsələdə müstəqil hərəkət etmək və qərar qəbul etmək imkanlarından özünü artıq çoxdan məhrum edib. N.Paşinyanın sülh müqaviləsi ətrafındakı bütün bəyanatları sadəcə əsası olmayan boş danışıqdan başqa heç nə deyil. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamağı gerçəkdən istəsə də, Qərb və onun qızışdırıb ortaya saldığı Fransa buna imkan verməyəcək. Çünki, sülh müqaviləsinin bağlanması ilə Cənubi Qafqazda mövcud olan münaqişə ocağı tam sönmüş olacaq. Bəs o halda dünyanın hər yerində özünə yalnız yaratdığı və idarə etdiyi konfliktlərlə yer alan Qərb güclərinin, xüsusilə də Fransanın Cənubi Qafqaza giriş qapısı haradan olacaq? Bölgədə konflikt yoxdursa, Fransa kimi ölkə bu bölgəyə hansı adla, kimin “hüquqlarını müdafiə etmək” üçün gələcək? Bu səbəbdən Fransa və onun arxasında dayanan digər böyük güclər, öncə Qarabağa ermənilərin qaytarılmasına və onlara hər hansı bir statusun alınmasna çalışırlar. Hesab edirlər ki, sülh müqaviləsinin bağlanmasının vaxtını uzadıb Azərbaycana müxtəlif formalarda təzyiqlər göstərməklə onu buna məcbur edə bilərlər.

Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsi Toivo Klaarın, eləcə də NATO nümayəndəsinin Ermənistana səfər edib Azərbaycana növbədənkənar prezident seçkisinin keçiriləcəyini səbəb kimi göstərməsi hansı addımlara, düşüncələrə hesablanıb?

Çox qəribə bir paradoks yaranıb. Ermənistan hakimiyyəti və onun başında dayanan Nikol Paşinyan artıq dəfələrlə “Qarabağ Azərbaycandır!” deyib, Azərbaycanın ərazi bütövlüyünü tanısa da və keçən ilin sentyabr ayının 19-20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatından sonra Qarabağdan könüllü şəkildə Ermənistana köçüb getmiş ermənilərin geri qaytarılması ilə əlaqədar heç bir təşəbbüs göstərməsə də, Fransa bu məsələdə sakitləşmək bilmir. Fransa senatı bununla bağlı qətnamə qəbul edir, ermənilərin geri qaytarılmasını və onlara təminat verilməsini tələb edir. Halbuki, Ermənistan parlamenti bununla bağlı artıq çoxdan susub. Bütün bunlar bir daha sübut edir ki, sülh müqaviləsinin bağlanmasına kimlər və nə üçün mane olurlar.

Bu gün Azərbaycanın Qarabağ torpaqlarında kök salmış separatizm üzərindəki ağıllı və qətiyyətli qələbəsini Qərbin özündənrazı Fransa kimi təcavüzkar ölkələri həzm edə bilmir, çabalayırlar. Və Çabaladıqca da Azərbaycan onların ortaya atdıqları bütün siyasi gedişləri fiaskoya uğradır. Bir sözlə, Azərbaycan onların Cənubi Qafqazla bağlı bütün arzularını puç etdi.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR