Elektron reseptlər xəstələrin dərman axtarışına son qoyacaq - Deputat

Artıq həkimə müraciət edən pasiyentlər kağızda deyil, elektron formada olan reseptlərlə dərman ala biləcəklər.

Bu prosesin hansı müsbət tərəfləri olacaq?

Mövzu ilə bağlı Metbuat.az-a danışan millət vəkili Musa Qasımlı bildirib ki, ökədə elektron hökumət qurulması çərçivəsində böyük işlər aparılır. O, cümlədən Səhiyyə Nazirliyi tərəfindən də səhiyyə xidmətlərinin elektronlaşdırılması sahəsində mühüm addımlar atılır:

“Son addımlardan biri də dərman reseptlərinin elektron qaydada yazılmasıdır. Bu proses həkim, aptek və pasiyent münasibətlərini asanlaşdıracaq. Hesab edirik ki, bu səhiyyə xidmətlərini, xüsusilə vətəndaşların dərman təminatlarının əlçatanlığının yaxşılaşması üçün çox yaxşı addımdır”.

Musa Qasımlı vurğulayıb ki, birinci növbədə elektron reseptlərin yazılması, xəstələr üçün apteklərdə dərman axtarışı problemini aradan qaldıracaq.

"İkinci bir müsbət cəhəti isə ondan ibarətdir ki, pasiyent, dərman preparatlarının adını qeyd etdikdə, onun kimyəvi tərkibi, dozası və hətta qiymətinə qədər görəcək. Beləliklə, xəstə öz diaqnozu və ona yazılan reseptdəki dərmanların qiymətinə qədər dolğun məlumatlar alacaq”, - deputat bildirib.

Qeyd edək ki, artıq Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən “Elektron Resept” sistemi (reseptim.az)ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan sehiyye.gov.az portalında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün “Elektron Resept” sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə “Elektron Resept”dən yararlanma qaydaları ilə tanış ola bilərlər.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı