Polis rəisi özünü öldürmək istəyən şəxsi xilas etdi - 2 saat işıq dirəyində qalıbmış

Gədəbəydə işıq dirəyinə çıxaraq, intihar etmək istəyən şəxsi polis rəisi xilas edib.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1980-cı il təvəllüdlü Cavid Tağıyev (ad şərti) Gədəbəy rayonu, Zəhmət kəndində yüksək gərginlikli elektrik dirəyinə çıxaraq, intihar etmək istəyib.

Həmin şəxs iki saata yaxın işıq dirəyində qalıb. Sosial təqaüdü kəsildiyi üçün özünü öldürmək istədiyini deyən Cavidi Gədəbəy Rayon Polis Şöbəsinin rəisi, polkovnik Mehman Həşimov fikrindən daşındıra bilib.

İki saat ərzində kənd sakinləri onunla danışıq aparsalar da, buna nail ola bilməyiblər. Hadisə yerinə polis əməkdaşları gəlib və Cavid onları da təhqir edərək, özünü öldürməkdə israrlı olduğunu deyib. Yalnız polis rəisi Mehman Həşimov hadisə yerinə gələrək, onunla etdiyi söhbət nəticəsində dirəkdən düşüb.

Cavid saxlanılaraq barəsində İnzibati Xətlar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavid Tağıyev bildirib ki, Gədəbəy rayonu, Zəhmət kəndində yaşayır və himayəsində azyaşlı uşağı var, özü də xəstədir. Onun sosial təqaüdü kəsilib. Maddi vəziyyəti yaxşı olmadığına görə özünə dərman ala bilmir. Buna görə də intihar etmək istəyib. Polis əməkdaşları ondan dirəkdən düşməsini tələb etsələr də, əməl etməyib. Yalnız polis rəisinin israrı ilə yanlış əməlindən daşınıb.

Məhkəmənin hökmü ilə Cavid Tağıyevə bir ay müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR