Heç bir dövlət Azərbaycanla aqressiya dilində danışa bilməz - AÇIQLAMA

“Azərbaycan nümayəndə heyətinin səsinin dondurulması ilə bağlı qaldırılan təşəbbüs qanunun aliliyi və insan haqları ilə məşğul olan bir təşkilat üçün utancvericidir”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Analitik xatırladıb ki, Vətən müharibəsindən sonra korrupsiyaya bulaşmış və siyasi rüşvətxorluğun alətinə çevrilmiş bəzi siyasətçilər və beynəlxalq institutlar reallıqları təhrif edən yanaşma sərgiləyirdilər:

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

“AŞPA məhz Azərbaycana qarşı qərəzli və ikili standartların bariz nümunəsi olan addımları ilə diqqət çəkirdi. Azərbaycan tərəfi 2001-ci ildə bu təşkilata üzv olanda böyük ümidlər var idi ki, bu təşkilat, pozulmuş insan haqlarının bərpası istiqamətində praktik addımlar atacaq, beynəlxalq hüququ bərqərar edəcək. Təəssüf ki, təşkilat tərəfindən heç bir əməli iş görülmədi və nəticədə Azərbaycan dövləti hərbi, siyasi yollarla işğala, təcavüzə və zorakılığa son qoydu.

Hesab edirəm ki, nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini və qeyri-müəyyən müddətə bu təşkilatda iştirakını dayandırması çox doğru bir addımdır. Heç bir dövlət, beynəlxalq institut Azərbaycanla təhdid, zorakılıq və aqressiya dilində danışa və bu təfəkkürdən çıxış edə bilməz. Azərbaycan güclü dövlətdir və siyasi iradə nümayiş etdirir”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə təklif edir ki, Azərbaycan dərhal BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın fərdi şikayətlər üzrə protokolunu ratifikasiya etməlidir:


“Belə olarsa, Azərbaycan BMT-nin nəzarət mexanizmi olan 8 insan hüquq və azadlıqları üzrə Pakt və Konvensiyalarının fərdi şikayət prosedurlarının hamısına qoşulmuş olacaq. Həmçinin Məhkəmələr və Hakimlər Haqqında Qanunda, Cinayət Prosessual və Mülki Prosessual Məcəllədə müvafiq dəyişiklikləri edib BMT kvaziməhkəmə orqanlarının qərarlarının icrası mexanizmlərini yaratmalıyıq. Həmin orqanların qərarları, AHİM qərarlarıdan gücünə görə geri qalmır. Həmin orqanlar da müvafiq konvensiyanın pozulub-pozulmaması haqqında qərar qəbul edib, iddaçının tələbinə uyğun olaraq kompensasiya müəyyən edə bilər.

Biz bunların əksəriyyətini tanıyırıq, ratifikasiya etmişik. Bu mexanizmləri aktivləşdirmək lazımdır. Bizdə BMT-nin kvaziməhkəmə adlanan fərdi şikayətlərlə bağlı proseduruna uyğun mexanizmlər yaradılmayıb. Hesab edirəm ki, paralel olaraq o mexanizmlər yaradılmalı, qanun və məcəlləyə müvafiq dəyişiklik edilməlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR