Mir Cəlal Paşayevin alman dilində nəşr edilmiş kitabının təqdimatı olub - FOTO

Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və pedaqoq, yazıçı, ictimai xadim Mir Cəlal Paşayevin Almaniyanın “Erqon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasında çap edilən “Füzuli sənətkarlığı” kitabının təqdimat mərasimi olub.

Kitab şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib.

Əvvəlcə Mir Cəlal Paşayevin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

Metbuat.az xəbər verir ki, ADA Universitetinin rektoru Hafiz Paşayevin, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Mir Cəlalın elmi araşdırmalarından, zəngin yaradıcılığından, ədəbiyyatımıza verdiyi əvəzsiz töhfələrdən danışıb. Bildirilib ki, Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının inkişafında Mir Cəlalın müstəsna xidmətləri olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Rizvan Nəbiyev görkəmli ədib Mir Cəlalın "Füzuli sənətkarlığı" monoqrafiyasının alman dilinə tərcümə olunmasının önəmini vurğulayıb. Qeyd edilib ki, şərqşünas-alim Mixael Raynhard Hess kitaba yazdığı “Giriş sözü”ndə həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. O, sovet rejimi tərəfindən ədəbiyyata tətbiq olunan qadağalara və edilən müdaxilələrə dair Qərb oxucusu üçün izahlar verərək yazır ki, dövrün ideoloji məhdudiyyətlərinə baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa və təqdim etməyə nail olub.

Tədbirdə Mixael Raynhard Hess görkəmli alim və yazıçı Mir Cəlalın ədəbi irsindən bəhs edib.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Təhsin Mütəllimov, Milli Məclisin deputatı, Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının baş müəllimi Mətanət Əliyeva, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu çıxış edərək görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin geniş elmi və pedaqoji fəaliyyətindən, ədəbi yaradıcılığından danışıb, təqdim olunan kitabın tariximiz, ədəbiyyatımız üçün dəyərli mənbə olduğunu bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR