İlk dəfə səs verəcək gənc: “Həm çox həyəcan keçirir, həm də qürur duyuram”

Fevralın 7-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verənlərin sayı 407 mindən yuxarıdır.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib. O qeyd edib ki, həmin gün 228 şəxsin 18 yaşı tamam olur və onlar məhz seçki günü səsvermə hüququ əldə edəcəklər.

Müsahibimiz Nuranə Mirzəyeva da ilk dəfə səs verəcək gənclərdəndir. Sabirabad rayonunda yaşayan Nuranə Mirzəyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə üçüncü kursda ali təhsil alır. Metbuat.az-a açıqlamasında Nuranə bildirib ki, ilk dəfə səsvermə hüququndan istifadə edəcəyinə görə həm qürur duyur, həm də həyəcan keçirir:

“Həyəcanımın əsl səbəbi bütöv və müstəqil Azərbaycan Respublikası üçün keçiriləcək ilk seçki prosesinə şahidlik edəcək olmağımdır. Düşünürəm ki, fevral ayının 7-si keçiriləcək növbədənkənar seçki prosesi 30 ilə yaxın bir müddətdə haqq savaşı verən və zəfər çalan xalqımız üçün çox mühüm və dəyərlidir”.

Nuranə Mirzəyeva aktiv gənclərimizdəndir. O Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Tələbə Gənclər Təşkilatı üzrə sədri vəzifəsində çalışır. Bu barədə danışan Nuranə deyib ki, o universitetin bakalavr pilləsini uğurla başa vurduqdan sonra magistratura üçün hədəflərinə uyğun olaraq xaricdə təhsilini davam etmək istəyir:

“Mən təqaüd proqramlı magistr təhsili qazanmaq üçün özümə hədəflər seçib o istiqamətdə çalışıram. Magistr səviyyəsində ixtisas istiqamətimi araşdırdığım ali təhsil müəssisələrinin qəbul şərtlərinə uyğun olaraq müəyyənləşdirəcəyəm”.

Bu gün ölkədə gənclər siyasətinin Azərbaycan Respublikasının əsas prioritetlərindən olduğunu vurğulayan Nuranə Mirzəyeva qeyd edib ki, bu siyasət müxtəlif istiqamətlərdə inkişaf etdirilir:

“Hesab edirəm ki, ölkəmizdə məhz ordu quruculuğu sahəsində görülən işlər 44 günlük Vətən müharibəsində gəncləri bir amal ətrafında birləşdirərək işğalda olan torpaqlarımızın azadlığını təmin etdi.

Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Bu siyasətin bir parçası olaraq müxtəlif beynəlxalq layihələri də nümunə göstərə bilərik. Hazırda Azərbaycan gənclərinin beynəlxalq əlaqələri genişlənir və təmsilçiliklərimiz yaranır. Düşünürəm ki, ali təhsil müəssisələrində olan tələbə gənclərin birləşdiyi Tələbə Gənclər Təşkilatları və həmçinin onların vahid mərkəzdə iş prinsiplərini müəyyənləşdirən AzərbaycanTələbə Gənclər Təşkilatları İttifaqının yüksək səviyyəli fəaliyyətinin dəyərləndirilməsi mühüm rola malikdir.

Bu məsələ daxilində filiallarda fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının istər paytaxt, istərsə də digər filial TGT-ləri ilə şəbəkələşməsi prosesinin aparılması istiqamətində addımlar atılması çox mühüm və arzuolunandır”.

Paytaxt səviyyəsinə nəzərən regionlarda olan fürsətlərin daha məhdud olduğunu bildirən Nuranə Mirzəyeva qeyd edib ki, beynəlxalq məzmun daşıyan fəaliyyətlərin regionlarda keçirilməsinin kəmiyyəti artırılarsa, bu, gənclər siyasətinin inkişafında xüsusi rola malik olacaqdır.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı