Azərbaycan “yaşıl dünya” naminə siyasətini uğurla davam etdirir - Yeganə Baxşıyeva

Ötən əsrin sonlarında olduqca mürəkkəb dövr yaşayan Azərbaycan 1993-cü ildən siyasi, sosial-iqtisadi həyatda böyük təkamül, inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlətçilik ənənələri möhkəmlənməklə bərabər müasir sosial-iqtisadi infrastruktur quruculuğunda yüksək nailiyyətlər əldə edilib.

Dövlət başçısının 25 dekabr 2023-cü il sərəncamı ilə bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi fonunda, eləcə də regionda təhlükəsizliyin dayanıqlı təminatının aktuallığı önə çəkilir.

II Qarabağ müharibəsi və son antiterror əməliyyatları nəticəsində işğaldan azad edilmiş regionların ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, Qarabağ regionunda “netto sıfır emissiya” zonasının yaradılması, “Ağıllı şəhər, Ağıllı kənd” layihəsi çərçivəsində Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan edilməsilə yeni dövr başlayıb.

Dövlətin bu siyasəti təhlükəsizliyin bütün sahələrini əhatə edən çoxsaylı sənədlərin qəbulu və icrası ilə xarakterikdir. Bu siyasətin təməl prinsiplərindən biri “yaşıl iqtisadiyyat”, “yaşıl enerji” amilidir. Belə ki, Azərbaycanın enerji strategiyasında yeni dövr bərpaolunan və yaşıl enerji istehsalı ilə əlaqəlidir. Azərbaycan dövlətinin iqtisadi artımla ekoloji mühitin tarazlığını nəzərdə tutan strategiyası təbii resurslardan səmərəli istifadə hədəfləyib. Azərbaycan dövləti “yaşıl iqtisadiyyat” anlayışını sosial baxımdan inklüziv iqtisadiyyatın inkişafı aspektindən irəli sürüb. Azərbaycanın yaşıl enerji siyasəti enerjiyə daha çox qənaət və enerjinin bərpaolunan mənbələrdən alınmasını nəzərdə tutur. Bu prosesdə təbii ehtiyatlardan səmərəli istifadənin inklüzivliyə təhdid yaratmaması amili qarşıya qoyulan prioritet məqsədlərdən biridir.

Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə BMT-nin “Minilliyin Forumu”da qlobal miqyasda davamlı inkişafa nail olmaq məqsədilə qəbul edilən "Minilliyin Bəyannaməsi" adlı sənədi imzalaması ilə qoyulub. Ötən dövr ərzində Azərbaycan tərəfdaşlıq nəticəsində dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM), 88 hədəfi və 119 göstəricini prioritetləşdirmişdir. Bu məqsədlə 2016-cı ildə Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmaqla bu siyasətin milli səviyyədə xüsusi proqramlar vasitəsilə intensiv artımına nail olundu. 2017 və 2019-cu illərdə isə iki Könüllü Milli Hesabat (KMH) hesabatını təqdim etməklə Azərbaycan 2019-cu ilədək MDB məkanında ilk olaraq iki KMH təqdim edən ölkə oldu.

2018-ci ildə keçirilən Dayanıqlı İnkişafa dair 1-ci Bakı Forumunda, 15-16 noyabr 2023-cü ildə 2-ci Bakı Forumunda dövlətlərin bu sahədə 2030-cu ilə qədər daha böyük qlobal layihələrin icrasına zəruriliyi vurğulanmışdır. Bu tədbirlərdən irəli gələn vəzifə və öhdəliklərin icrası ilə bağlı Prezident İlham Əliyev 2021-ci ilin fevralında “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” adlı sənəd qəbul etdi.

Bu strategiyaya əsasən yüksək keyfiyyətli ekologiya və “yaşıl enerji məkanı”na nail olmaq kimi başlıca məqsədləri nəzərdə tutan Milli Prioritetin beşincisi “təmiz ətraf mühit” və “yaşıl artım” ölkəsi olması dövlət başçısının uğurlu siyasətini bir daha sübut etmiş oldu.

Bu prioritetlərə nail olmaq üçün 2021-ci il Şotlandiyanın Qlazqo şəhərində baş tutan COP-26 sammitində Azərbaycan Respublikası iqlim dəyişmələrinin ekologiyaya təsirinin minimallaşdırılması üçün yeni təşəbbüslərlə çıxış etdi, 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər 40 faizədək azaldılması barədə könüllü öhdəlik götürdü.

Bununla əlaqədar BƏƏ-də 30 noyabr 2023-cü ildə baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının COP-28 sammitində Azərbaycan dövləti iqlim dəyişmələrilə bağlı enerji sektorunda mövcud hüquqi baza əsasında praktik işlərin həyata keçirilməsini dünya ictimaiyyətinə çatdıraraq 2024-cü ildə COP-29-un növbəti sammitinin Azərbaycanda keçirilməsilə bağlı dünya dövlətlərinin yekdil dəstəyini qazandı.

Ümumilikdə, Qafqazın nümunəvi lider dövləti olaraq Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlər, əldə olunan nailiyyətlər nəinki regional, eləcə də qlobal miqyaslı xarakter daşımaqla yüksək dəyərə malikdir.

AMEA Qafqazşünaslıq İnstitutu, Ermənişünaslıq şöbəsinin elmi işçisi Yeganə Baxşıyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR