"Aktiv seçki prosesinin şahidi oluruq" - Pakistanlı müşahidəçi

“Azərbaycanın Seçki Komissiyası azad, ədalətli və şəffaf səsvermənin keçirilməsini təmin etmək üçün seçki prosesinə ciddi şəkildə hazırlaşıb”.

Bunu Metbuat.az-a açıqlamasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili, Pakistanın tanınmış beynəlxalq eksperti Qaiser Navab deyib.

Bu gün səhər tezdən nümayəndə heyəti ilə birlikdə Azərbaycanın müxtəlif bölgələrində bir neçə seçki məntəqəsində olan ekspert bildirib ki, hazırda rahat və aktiv seçki prosesinin şahidi olurlar.

“Azərbaycan Prezidenti seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edirəm. Bakıda havaların soyuq keçməsinə baxmayaraq, gənclər də daxil olmaqla xeyli sayda insan Azərbaycanın canlı demokratiyasını əks etdirən seçki prosesində fəal iştirak edir. Müşahidələrimdən biri də ailələrin azyaşlı uşaqları ilə birlikdə seçki məntəqələrinə gəlib səs verməsi ilə bağlı oldu. Hesab edirəm ki, bu davranış gənc yaşlarından demokratiya haqqında məlumatlılığı aşılamaq məqsədinə xidmət edir.

Şəffaflığın təmin edilməsi səylərinə uyğun olaraq, MSK 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırıb və səsvermə prosesinin davamlı monitorinqinə şərait yaradıb. Bu da tərəfimizdən yüksək qiymətləndirilir”.

Qaiser Navab seçkilərlə bağlı nikbinliyini ifadə edərək bildirib ki, Azərbaycan xalqı gələcək inkişafı üçün uğurlu seçim edəcək:

“Prezident seçkiləri çox əlamətdar hadisədir. İnanırıq ki, Azərbaycanda prezident seçkilərinin nəticələri bu ölkənin taleyinə müsbət mənada ciddi təsir edəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR