Prezident seçkiləri ərəb mediasının diqqət mərkəzindədir

Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı bu gün keçirilən səsvermə prosesi ərəb mediasının diqqət mərkəzindədir.

Metbuat.az xəbər verir ki, Suriyanın SANA, Liviyanın LANA, Misirin MENA informasiya agentlikləri, həmçinin Misirin “Əl Əhram”, “Dustur”, “Əl-Qahirə” qəzetləri, Birləşmiş Ərəb Əmirliklərinin “Əl Xalic” və “Gulf365” portalları, Əlcəzairin “Şuruq” nəşri Azərbaycanın paytaxtı Bakıda və bölgələrdə keçirilən səsvermə barədə xəbər və reportajlar dərc ediblər.

Ərəb ölkələrinin ictimaiyyətinin diqqətinə çatdırılıb ki, səsvermə prosesində Azərbaycan vətəndaşlarının yüksək fəallığı qeydə alınıb, həmçinin beynəlxalq və yerli müşahidəçilər, nüfuzlu media təşkilatlarının nümayəndələri növbədənkənar prezident seçkilərinin gedişini izləyirlər.

Növbədənkənar prezident seçkilərinin region üçün əhəmiyyətini diqqətə çatdıran ərəb mediası vurğulayıb ki, Azərbaycanın müasir tarixində ilk dəfə ölkənin bütün ərazisində səsvermə keçirilir. 2020-ci ildəki 44 günlük müharibə və ötən il aparılan antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılıb və vətəndaşlar bu bölgələrdə səsvermə prosesində yüksək fəallıq nümayiş etdirirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR