Azərbaycanda seçkilərin uğurlu keçməsini alqışlayırıq - Rusiya XİN

Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurlu keçməsini alqışlayır və Azərbaycan ilə müttəfiqliyi və strateji tərəfdaşlığı daha da möhkəmləndirmək əzmindədir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanda növbədənkənar prezident seçkilərinin yekunlarına dair Rusiya Xarici İşlər Nazirliyinin (XİN) şərhində bildirilib.

“Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçməsini alqışlayır və Azərbaycan ilə müttəfiqliyi və strateji tərəfdaşlığı daha da möhkəmləndirmək, beynəlxalq və regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə yüksək səviyyədə əldə olunan üçtərəfli bəyanatların bütün kompleksinin icrası üzrə fəal birgə iş aparmaq əzmindədir”, - qurumun saytında yerləşdirilən məlumatda vurğulanıb.

Məlumatda qeyd olunub ki, Azərbaycanda seçkiləri 790 beynəlxalq müşahidəçi izləyib. Rusiya Federasiyası Federal Məclisin, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi və Parlamentlərarası Assambleyasının, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) xətti ilə 148 nümayəndə göndərib.

“MDB-nin Baş katibi Sergey Lebedev qeyd edib ki, seçkilər demokratik şəkildə iradəni ifadə etmə prinsiplərinə müvafiq idi, böyük seçici fəallığı müşahidə olunub. Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasinin sözlərinə görə, səsvermə rəqabətli alternativ əsasda xoş atmosferdə keçib. ŞƏT-in Baş katibi Cjan Min seçkilərin açıq və şəffaf şəkildə keçdiyini bildirib”, - deyə Rusiya XİN-in şərhlərində göstərilir.

Eyni zamanda, xarici siyasət qurumundan qeyd edilib ki, Azərbaycanda prezident seçkilərinə əvvəlcədən həddən artıq qeyri-obyektiv köklənən və elektoral prosesin nüfuzdan salınması üzrə qabaqcadan əzbərlənmiş təlimatlar hazırlayan Qərb ölkələrinin və onlar tərəfindən nəzarət olunan beynəlxalq strukturların dəyərləndirmələri bu fonda olduqca qeyri-obyektiv görünürdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR