Paşinyan müavinini yenidən niyə İrana göndərir? - AÇIQLAMA

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İrana səfər edəcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə Ermənistanın yerli KİV-ləri yazıb. Bildirilib ki, Qriqoryan Ermənistan Respublikası və İran İslam Respublikasının hökumətlərarası birgə komissiyasının 18-ci iclasında iştirak etmək üçün Tehrana səfər edəcək.

Bu iki dövlət arasındakı yaxın münasibətlər barədə Metbuat.az-a danışan AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə bildirib ki, İranın Cənubi Qafqazda yürütdüyü siyasət indiki halda onun təhlükəsizlik maraqları ilə sıx bağlıdır:


“Ermənistanda tədricən Qərbin təsiri güclənir. Mher Qriqoryan fevralın 9-da islam inqilabının 45-ci ildönümü tədbirlərində iştirak edib. Hazırki səfərinin səbəbi olaraq Emənistan-İranın hökumətlərarası birgə komissiyasının 18-ci iclasında iştirak etmək göstərilir. Digər məsələləri müzakirə etmək İranın marağındadır. Mher Qriqoryanın Ermənistan hökumətinin Azərbaycanla müzakirələr aparan əsas fiqurlarından biri olduğunu nəzərə alsaq, regiondakı vəziyyətin də müzakirə edilməsini istisna etmək olmaz”.

İran-Azərbaycan münasibətləri barədə fikirlərini bölüşən Elnur Kəlbizadə onu da vurğulayıb ki, Tehranın üçün başlıca məsələlərdən biri mübarizə apardığı regiondankənar qüvvələrin Cənubi Qafqazda güclənməməsidir:

“Bir müddət öncə Azərbaycanla bağlı atılan yanlış addımlara baxmayaraq İrana aydın oldu ki, Azərbaycan müstəqil siyasət yürüdür. Xarici siyasətdə kənar güclərin deyil, öz maraqlarını güdür. Bu da normaldır. Eyni zamanda, Azərbaycan aydın şəkildə göstərdi ki, uzaqda və qonşuluqda yerləşməsindən asılı olmayaraq heç bir dövlətin Azərbaycanın üçüncü dövlətlərlə münasibətlərinə müdaxiləsinə yol vermir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR