Qızılcadan necə qorunaq? - İnfeksionistdən AÇIQLAMA

"Ölkəmizdə qızılca hallarının artması və bunun həm uşaqlar, həm də böyüklər arasında davam etməsi məyusedici haldır. Çünki hələ də yoluxma hallarının davam etdiyi bir zamanda ölüm halları da qeydə alınır. Xüsusilə də azyaşlı uşaqları qızılca xəstəliyindən itiririk".

Bu sözləri Metbuat.az-a açıqlamasında infeksionist Vasif Əliyev deyib. O bildirib ki, virusun qarşını almaq üçün ilk növbədə gigiyena qaydalarına əməl olunmalıdır:

"Bunun qarşısını almağın yeganə yolu qızılcaya qarşı peyvəndin vaxtında vurulmasıdır. Epidomoloji vəziyyəti nəzərə alaraq biz hər qızdırmalı xəstəyə potensial qızılca daşıyıcısı virusu kimi baxmalıyıq. Ona görə bunun qarşısının alınmasının ən effektiv yolu qızılcaya qarşı peyvənd olunmaqdır. Unutmamalıyıq ki, qızılcaya qarşı peyvənd rutin peyvənd protokolunda yer alıb. Bu, uşaqlara 1 yaşında və 6 yaşında olmaqla, 2 doza halında vurulur. Hətta böyük insanlar da zamanında peyvənd olunmayıb və xəstəliyi keçirməyiblərsə, 2 doza olmaqla qızılca peyvəndini vurdura bilərlər".

İnfeksionist bildirib ki, peyvənd olunmayan insanlar xəstəliyə yoluxuduqda mütləq həkim nəzarətində olmalıdır:

"Bəzən insanlar ev şəraitində müalicə olunur. Hətta müəyyən qıızlcaya qarşı köhnə fikirlərdə mövcuddur. Məsələn, qırmızı paltar geyinmək, otağı qırmızıya boyatmaq, və yaxud qırzımı pərdə və yataq dəsti istifadə eləmək. Bu kimi fikirlər tamamilə absurddur. Xəstə mütləq həkim nəzarəti altında müalicə almalıdır. Qızılcadan ölüm səbəbləri ən birinci vaxtında aparılmayan peyvənd, ikinci həkim nəzarəti olmadan uşaqların müalicə olunmasıdır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR