“Qızılca soyuqdəymə əlamətləri ilə başlayır” - Pediatr AÇIQLADI

“Qızılca xəstəliyinə ancaq həkim dəqiq diaqnoz qoya bilər. Sağalana qədər uşaq həkim nəzarətində olmalıdır. Ağırlaşmalar baş verərsə, uşağı mütləq xəstəxana şəraitində müalicə etmək lazımdır”.

Metbuat.az-ın məlumatına görə, bu açıqlamanı Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nigar Cəfərova edib. Həkim bildirib ki, bütün hallarda həkimə müraciət etmək ona görə vacibdir ki, ağırlaşmalar vaxtında müəyyənləşsin:

“Qızılcadan qorunmağın ən yaxşı və təhlükəsiz yolu xəstəliyə qarşı vaxtında peyvənd olunmaqdır. Qeyd edək ki, peyvəndlənmənin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib. Peyvənd qızılcaya qarşı güclü immunitet yaradır və yoluxma riskini aradan qaldırır.

Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar”.

Nigar Cəfərova valideynlərə xəbərdarlıq edərək qeyd edib ki, övladlarını peyvəndlərdən yayındırmasınlar. Onların sağlamlığı və gələcəyi onların əllərindədir!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı