Azərbaycanda ilk futbol klubunu bu milyonçu yaradıb - ARAŞDIRMA / FOTO

"Rast gəldiyimiz bəzi sənədlərdə Azərbaycanda futbol oyunları 1905-ci ildən keçirilib. Lakin bu oyunda azərbaycanlıları yaxın qoymayıblar ki, iştirak etsinlər. Əsasən xarici neft şirkətlərinin əcnəbi işçiləri öz aralarında futbol oynayıblar".

Metbuat.az bildirir ki, mövzu ilə bağlı araşdırmanı tarixçi, dosent Zaur Əliyev yayımlayıb. O qeyd edib ki, Azərbaycanlıların ilk rəsmi oyunu Balaxanı kəndində həyata keçib:

"Özü də bu oyunun keçirilməsi birbaşa Əlibaxış Qədimov və ya Məşədi Kampan kimi tanınan Balaxanı neft milyonçusunun sayəsində olub. Qardaşları ilə neft kampaniyası yaradan Əlibaxış Qədimov Balaxanı camaatı tərəfindən daha çox Mer Kampan adı ilə tanınıb. Bu adla o, kampaniya yaratmasından sonra məşhurlaşıb. Mer Kampanın o dövrdə cəmi 2 neft buruğu və çoxsaylı neft quyuları olub. Buruq, buruqda tətbiq olunan avadanlıqlar o dövlər üçün çox böyük xərclərə başa gəlib. Neft quyuları isə Balaxanıda saysız-hesabsız olub.

Kampan Qədimovun əliaçıqlığı haqda bu gün də əfsanələr dolaşır. Nobel qardaşları kimi digər neft milyonçuları özlərinə kompaniya yaratmaq istəyiblər. Bu məqsədlə qruplarına daxil etmək üçün özlərinə yeddinci neft maqnatı axtarıblar. İngilislər Bakı kəndlərində tez-tez olublarmış. Onlar Əlibaxış Qədimovla görüşüb öz sıralarına dəvət ediblər. İlk öncə milyonçu buna razı olmayıb. Səbəb kimi də ingilislərin yerlilərə qarşı münasibəti olub. Hətta ingilislərin neft mədənində olanda ayaqla oynanılan oyuna belə azərbaycanlıların yaxın buraxılmaması onu narahat edən məsələ olub".

Tarixçinin sözlərinə görə, ingilislər təklif edirlər ki, Mer Kampan da özünə bir komanda yaratsın, əgər azərbaycanlılar oynaya bilsələr, onlar futbola maraq göstərən istənilən komandaya dəstək olacaqlar:

"Razılşama əldə edilir və Mer Kampan caamatı yığır və oynaya bilənlərə hərəsinə 10 qızıl pul verəcəyini deyir. 25 nəfər seçilir və oyun üçün Balaxanda təcili oyun meydançası tikilməsi başlanır. Elə ilk futbol klubu kimi də “Balaxanı futbolçular dərnəyi” adlı komanda qeydiyyatdan keçib. 1910-cu ildə ilk dəfə futbol oyunu Balaxanıda keçirilir. Oyun ingilislərin qələbəsi ilə yekunlaşsa da ondan sonra Azərbaycanda futbol inkişaf etməyə başlandı. Mer Kampan da sözünü tutub oyunçulara qızıl pulla mükafat verir və hər ay onlar üçün aylıq maaş ayrırır. Sovetlər Azərbaycanı işğal edib onun var dövlətini əlindən alan günə qədər də klubun sponsoru və sahibi olur.

Bir sözlə Azərbaycana azərbaycanlıların oynadığı ilk futbolu gətirən kişi də Mer Kampan adı ilə tanınan Balaxanılı milyonçu Əlibaxış Qədimov olur".

Zaur Əliyev bildirib ki, Bakıda ilk rəsmi çempionat 1911-ci ildə keçirildi və "Britaniya klubu" komandasının qələbəsi ilə nəticələndi. 1912-ci ildə isə Azərbaycan futbolçuları ilk beynəlxalq görüşlərini keçirdilər və Tiflisdə yerli "Sokol" komandasına 4:2 hesabı ilə qalib gəldilər.

Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR