Azərbaycan-Qırğızıstan İnkişaf Fondu birgə fəaliyyəti dəstəkləyəcək

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərəcək.

Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan bütün türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da əlaqələrin inkişafına önəm verir, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tədbirlər görülür. Yeni fond bu istiqamətdə səmərəli platformadır.

İqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılan Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir. Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinə investisiyalar yatıracaq. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdiriləcək.

Mənzil-qərargahı Bişkekdə yerləşən Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir. Nizamnamə kapitalına qoyulan vəsait Azərbaycan tərəfindən, beynəlxalq maliyyə institutları, xarici hökumətlərin maliyyə təşkilatları tərəfindən, habelə Qırğız Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər mənbələrdən formalaşır.

11 oktyabr 2022-ci il tarixində Bişkekdə “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş” imzalanıb. Fondun Qırğızıstanın Çolpon-Ata və Bakı şəhərlərində keçirilən iclaslarında qurumun fəaliyyətinin təşkilinə dair sənədlər qəbul edilib, İdarə Heyətinə üzvlər təsdiqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR