Azərbaycanda erməni yalanlarını ifşa edəcək yeni sensasion texnologiya hazırlanıb

Azərbaycanda erməni yalanlarını ifşa edəcək yeni sensasion texnologiya hazırlanıb
14:33 25 Dekabr 2014
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakıda “AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin ermənilərin azərbaycanlıların və regionun qonşu xalqlarının mədəni irsinə iddialarının qarşısını almaq və elmi üsulla əsassız olduğunu sübut etməyə imkan verən yeni sensasion texnologiya layihəsinin təqdimatı olub.

Trend xəbər verir ki, təqdimatda iştirak edən Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov bildirib ki, bu texnologiya vasitəsilə çox sadə yolla hər hansı mədəni nümunənin nə dərəcədə ermənilərə aidiyyəti olduğunu yoxlamaq olar: “Bu yaxınlarda Ermənistan hökuməti Yerevanın “köhnə şəhər” layihəsinin maliyyələşməsini imzalayıb. Bakının, Tbilisinin köhnə şəhəri var. Bəs Yerevanın köhnə şəhəri hanı? 1970-ci illərdən bəri köhnə şəhər ideyası səslənirdi. Onlar 1960-cı illərdə İrəvan qalasını dağıdandan sonra anladılar ki, turistlər gələndə köhnə nəyi göstərəcəyik? Bu, çox gülməli plandır. Özləri deyirlər ki, inqilabdan əvvəl tikilən təxminən 20 bina sökülüb. Həmin binaları yenidən tikəcəklər. Bu, çox gülüncdür. İrəvan qalası orta əsrlərə aid qədim abidə idi. Qafqaz elə bir regiondur ki, 20-ci əsrin əvvəlinə aid nəyisə köhnə şəhər adlandırasan? Burada məqsəd yenə tarixi saxtalaşdırmaq və mənimsəmək, Yerevana yeni bir sima verməkdir. Onlar qədim İrəvan qalasının qalıqlarının üstünü örtərək 20-ci əsrə aid köhnə şəhər tikirlər”.

F.Axundov qeyd edib ki, bu texnologiya Gürcüstana və digər qonşulara da veriləcək: “Ermənilər lavaşın onların olduğunu idda edirlər. Amma erməni lüğətlərində nə lavaş, nə də düdüyə aid heç nə yoxdur. Əgər ermənilər qədimdə lavaş yeyiblərsə, onların lüğətində olmalıydı. Ermənilər gürcülərdən də xaçapurini götürürlər. Ümumiyyətlə, ermənilər vaxtilə İranın Marağa vilayətindən indiki Ermənistan ərazisinə köçürülməyə başladıqdan sonra qonşu xalqlara və millətlərə məxsus maddi-mənəvi dəyərləri mənimsəməyə başlayıblar”.

PA-nın sektor müdirinin sözlərinə görə, bu texnologiya təkcə filoloji məsələ deyil: “Ermənilər lavaşı mənimsəməklə tarix problemini də həll edirlər”.

F.Axundov əlavə edib ki, layihənin məqsədi bu həqiqətləri xarici ictimaiyyətə yox, məhz Ermənistan ictimaiyyətinə çatdırmaqdır: “Biz onlara çatdırmaq istəyirik ki, sizə göstərilən tarix saxtadır. Məsələn, onlar oxuyacaqlar ki, necə olur ki, lavaş sözü heç bir erməni lüğətində yoxdur?”

PA rəsmisi deyib ki, bu texnologiyanın YUNESKO-ya çatdırılması nəzərdə tutulub.

Qafqaz Tarixi Mərkəzinin əməkdaşı Elşad Əlili bildirib ki, ermənilər lavaşın onlarınkı olduğunu deyirlər. Lavaş sözü böyük coğrafiyada yayılıb və 7-ci əsrdən başlayaraq türk lüğətlərində rast gəlinir. Lavaş köçəri mədəniyyətinin məhsuludur, çünki 20-30 gün ərzində xarab olmur.

Onun sözlərinə görə, ən məşhur erməni filoloqlar vaxtilə əsərlərində “Düdük” sözünün türk mənşəli olduğunu bildiriblər: "Artıq müasir texnologiyalar imkan verir ki, ermənilərin yalanlarını ifşa edək. Alimlərimiz qonşu ölkələrdə simpoziumlarda bu texnologiyaları onlara da öyrədəcəklər. Artıq erməni yalanlarının dövrü bitdi. Biz yeni dövrdə yaşayırıq. Yalan ayaq tutar, amma yeriməz. Bu, artıq sonun başlanğıcıdır”.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov qeyd edib ki, informasiya pəncərəsi yaradılıb. Bu pəncərə mərkəz tərəfindən həyata keçirilən layihələrin internet resurlarına çıxış imkanları verir. Onlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin dövlət siyasətinin müxtəlif istiqamətləri üzrə fikirləri, sitatlarından ibarət topludur. İkincisi, dünya liderlərinin Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycanın ərazi bütövlüyü barədə sitatlarının yer aldığı nəşrdir: “Ermənilər iddia edirlər ki, Azərbaycan Qafqazda olmayıb. Yalnız 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaradılıb. Bununla bağlı yeni layihə həyata keçirilir. Məsələn, rus çarları regiona gələndə hansı mənzərə ilə rastlaşıblar. XVIII əsrin əvvəllərində İranla Rusiya arasında anlaşmalarda Azərbaycana aid bölgələrin adları yer alıb. Həmin rəsmi sənədlərdə Azərbaycanın bölgələrinin adı çəkilib, lakin heç bir yerdə nə Ermənistan, nə də erməni sözünə rast gəlinmir”.

R.Hüseynov bildirib ki, üçüncü layihə isə PA-nın sektor müdiri Fuad Axundovun müəllifi olduğu və dünya alimlərinin, o cümlədən ermənilərin erməni saxtakarlıqlarını ifşa edən araşdırmalarının toplandığı “Saxtakarlıqları ifşa edənlər” kitabıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2347590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR