Kamil Zeynallı barədə həbs qətimkan tədbiri seçilə bilər - Vəkil

Kamil Zeynallının hüquqlarının müdafiəsi Azərbaycanın Rusiyadakı səfirliyinin və şəxsən səfir Polad Bülbüloğlunun nəzarəti altında həyata keçirilir.

Bu barədə Report-un Rusiya bürosuna açıqlamasında vəkil Ələkbər Qarayev məlumat verib.

O qeyd edib ki, Kamil Zeynallı barəsində həbs qətimkan tədbiri seçilə bilər: “2020-ci il sentyabrın 29-da Ermənistan Kamil Zeynallını 4 maddə üzrə axtarışa verib. O, ötən gecə Rusiyada şübhəli şəxs qismində saxlanılıb. Hazırda prokurorluqda bununla bağlı iş gedir. Əlavə materiallar göndərilərsə, onunla bağlı həbs qətimkan tədbiri seçilə bilər”.

Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Ermənistan Daxili İşlər Nazirliyi Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR