Fuad Nəcəfli NDU-da həyata keçiriləcək layihələrdən danışdı

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Dövlət Universiteti üçün ikinci tədris kampusu inşa ediləcək.

Metbuat.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Dövlət Universitetində keçirilən “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüşündə deyib.

O bildirib ki, ingilisdilli tibb təhsili aparılacaq yeni kampus bu sahəyə dair bütün müasir təchizatla təmin olunacaq: "Dünya nəhəngi olan IBM şirkəti ilə imzalanan memorandum gənclərimiz üçün mühüm perspektiv vəd edir. Bu əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Universitetinin tabeliyində Beynəlxalq Proqramlaşdırma İnstitutu yaradılacaq. Tələbələrin xarici dil biliklərinə yiyələnməsi müasir dövrün əsas tələblərindəndir. Ötən ildən ingilisdilli tibb ixtisasının fəaliyyətə başlaması, eləcə də universitetin Beynəlxalq Məktəbinin istifadəyə verilməsi, bu mənada, mühüm önəm daşıyır".

Bununla yanaşı, vurğulanıb ki, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəbdə tədris Kembric təhsil proqramına əsaslanan metodologiya üzrə qurulacaq.

"Sözügedən Dövlət Proqramına uyğun olaraq ali, orta ixtisas və peşə təhsili səviyyələri üzrə tədris mövcud tələblərə, o cümlədən sənaye müəssisələrinin tələblərinə uyğun qurulacaq. Həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili, şəxsi inkişafı istiqamətində fəaliyyətin təşkili məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzi yaradılacaq", - F.Nəcəfli qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR