Dəm qazından zəhərlənmələr niyə artır? - Ekspertdən açıqlama

"Qaz təhcizatı harda varsa, orda təhlükənin olması deməkdir. Dəm qazından zəhərlənmə halları, təhlükəsizlik tələbləri pozulduğu üçün baş verir. Çünki, qazın kimyəvi xassəsi yanır və düzgün istismar olunmadıqda dəm qazı əmələ gəlir".

Bu sözləri Metbuat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

O bildirib ki, dəm qazı iysiz, dadsız, rəng­siz, havadan yüngül olan qazdır.

"Ona görə qaz təsərrüfatı olan yerdə mütləq qaz cihazları normativ standartlara cavab verməlidir. Cihazların quraşdırılmasına hər hansısa texniki qulluğun göstərilməsi də, yalnız ixtisaslaşmış müəsssisə tərəfindən həyata keçirilməlidir. İlk növbədə, standartlara cavab verən qaz cihazı qurulmalıdır və harda qurulması çox vacibdir. İlk nəzərə alınmalı olan amil havalandırılmadır. Yəni, dəm qazını yaradan əsas amillərdən birincisi havalandırmanın olmamasıdır. Əgər qaz cihazı qurulan yerdə nəfəslik, havalandırma, dəm qazı əleyhinə dedektiv yoxdursa, qaz cihazı standartlara cavab vermirsə, otağın həcmi nəzərə alınmadan cihaz quraşdırılıbsa, əlbəttə ki, dəm qazının yaranması qaçılmaz olur. Dəm qazı natamam yanma məhsuludur, yanma prosesinin pozulması zamanı əmələ gəlir. Yəni, qazın yanması üçün otaqda kifayət qədər hava olmalıdır".

Ekspert qeyd edib ki, qaz cihazı qeyri-metal borularla çəkilməli deyil.

"Qaz cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa, onda dəm qazı əmələ gəlir. Həmçinin, qaz sobalarına kənar müdaxilələrin edilməsi də çox təhlükəlidir. İnsanlar bir otaqdan digər otağa kustar üsulla hazırlanmış qaz xətti çəkir və ya qızdırıcı sobalara kənar müdaxilələr edirlər. Bu da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır. Bundan başqa, evin bacaları ildə ən azı iki dəfə təmizlənməlidir. Əgər evin bacaları təmizlənməzsə, təbii ki, orada hava ventilyasiyası, sovrulması olmur və yanma prosesini də çətinləşdirir".

Elmar Nurəliyev onu da vurğulayıb ki, dəm qazı əsasən, hamam otağında və mətbəxdə əmələ gəlir. Ona görə də, dəm qazı əleyhinə dedektorların quraşdırılması vacibdir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR