Həkimlər sürücülərə pulla sağlamlıq arayışı verirlər - İDDİA

"Qoyulan qaydalara əməl etməyən şəxslər taksi sürücüsü kimi fəaliyyət göstərə bilməyəcək. Çünki dövlət qurumlarının da əsas hədəfi budur ki, bu sahədə qayda qanun yaransın. Təbii ki, qanunu pozan, qanuna əməl etməyən insan bu sahədə də heç bir iş görə bilməyəcək".

Bu sözləri Mətbuat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

O bildirib ki, qanunlar bu sahədə nizam intizam yaratmaq üçün tətbiq olunub.

"Qanunların tətbiq olunması kiminsə marağı, düşüncəsi üçün deyil. Qaydalar kifayət qədər mükəmməl yazılıb. Burada hər hansısa bir maraq yoxdur. Maraq, yalnız dövlətin qoyduğu qaydaların bərqərar olmasıdır. Buna uyğun da hər bir şəxs öz işini qurmalı, davranmalıdır. Heç kəs düşünməsin ki, ona hansısa bir formada güzəşt olacaq və yaxud da nəsə üstünlük hüququ əldə edəcək".

Ekspert qeyd edib ki, hazırlıq keçib sertifikat almaq lazımdır. Həmçinin, Elməddin Muradlı sağlamlıq haqqında arayışın verilməsinə də toxunub.

"Sağlamlıq haqqında arayış mütləq qaydasında olmalıdır. Bunun üçün düşünürəm ki, poliklinikalara da nəzarət etmək lazımdır. Bəzən həkimlər neqativ hallara yol verir. Pulu alıb, sağlam olmayan şəxsə sağlamlıq arayışı verirlər. Biz də bunun neqativ nəticələrini görmüşük. Ən azından, sonuncu dəfə 5 nəfəri öldürən Əhmədin timsalında gördük ki, rüşvət alaraq sağlamlıq arayışı verdikləri şəxs sonradan nələr törədir. Ona görə də, bu sahədə nəzarət elə burdan başlanılmalıdır. Sağlam olmayan insana sağlamlıq haqqında arayış verilməməlidir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı