Bu şəxslərə 29 milyon manat ƏDV geri qaytarılıb

Bu günə qədər Azərbaycanda istehlakçılara nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə 7 457 müraciət üzrə 28,6 milyon manata yaxın əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, quruma müvafiq portal üzərindən ümumilikdə 14 mindən artıq vətəndaş müraciəti daxil olub. Bunlardan 6 211 müraciətə qaydaların tələblərinə uyğun olaraq imtina edilib.

Eyni zamanda portal istifadəyə verildiyi tarixdən bu yana bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər 1 160 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edib ki, bunun da 749-u təsdiqlənib, 401-nə imtina verilib.

13 sentyabr 2023-cü il tarixindən etibarən geri qaytarılan vəsaitlərin şəxsin müvəkkil bankda olan virtual “ƏDVgerial” hesabına köçürülməsi təmin edilir. Bu addım, öz növbəsində, əvvəllər bu sahədə mövcud olan bir sıra çətinlikləri aradan qaldırıb.

Dövlət Vergi Xidməti vətəndaşların müraciətlərinin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə edir. Bunlar əsasən son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatında e-qaimənin məlumatlarının əks olunmaması, ödənişləri başqa şəxslərin həyata keçirməsi, ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi ilə bağlıdır.

Dövlət Vergi Xidməti həmçinin mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmələrini tövsiyə edir. Bununla bağlı vergi orqanları tərəfindən müvafiq monitorinq-təhlil işləri aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR