Xocalı cinayətkarlarının məsuliyyətə cəlb edilməsi üçün işlərimizi davam etdirməliyik - Ceyhun Bayramov

Bu gün Azərbaycan xalqı müasir tariximizin ən qanlı tarixlərindən biri olan Xocalı soyqırımının 32-ci ildönümünü yad edirik.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu erməni işğalının, ölkəmizə qarşı olan təcavüzün, çoxsaylı qanlı cinayətlər sırasında ən faciəvi tarixdir.

"Həmin gün 613 günahsız insan xüsusi qəddarlıqla öldürüldü. Yüzlərlə insan itkin düşdü, əsir və girov götürüldü. Uzun illər ərzində Azərbaycan dövləti Xocalı soyqırımını törədən hərbi cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsinə və tarixi ədalətin bərpa edilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və sistemli tədbirlər görüb. Bütün bu addımların nəticəsidir ki, bu il biz bu faciənin ildönümünü fərqli mühitdə yad edirik. Azərbaycanın suverenliyi tam bərpa edilib və Xocalıda üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Uzun illər ərzində hərbi cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməməsi müəyyən mənada həmin şəxslər arasında Ermənistanda cəzasızlıq mühiti yaradıb. Ona görə bu istiqamətdə işlərin davam etdirilməsi hansı ki, Azərbaycanda dövlət edir, bundan sonra da mütləq şəkildə davam etməlidir. Biz hər birimiz şahidi olduq ki, bəzi Xocalı cinayətkarları son dövrdə cinayət məsuliyyətinə cəlb edilib. Bu istimqamətdə ardıcıl işlərimizi davam etdirməliyik", o deyib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR