​“İRƏLİ” İB Xocalı Soyqırımının ildönümünə həsr olunmuş tədbirlər həyata keçirib - FOTO

“İRƏLİ” İctimai Birliyi Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirib.

Birliyin Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, “İRƏLİ” İctimai Birliyinin nümayəndələri və üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Tədbirlər planına uyğun olaraq “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Xocalıya Ədalət” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və “Cadenza” Müasir Orkestrinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Diqqətə çatdırılıb ki, hazırda müxtəlif kommunikasiya vasitələri və resurslarından geniş şəkildə istifadə edərək Xocalı həqiqətlərini qlobal şəkildə çatdırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya Ədalət” Beynəlxalq Maarifləndirmə Kampaniyası geniş fəaliyyət göstərir.

Faciədən 32 il ötməsinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu hadisəyə hüquqi-siyasi qiymət verilməsə də, ötən ilin sentyabr ayında baş tutan lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərində də dövlət suverenliyi tam təmin olunub. Bildirilib ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etməklə bu torpaqlarda ədaləti bərqərar edib. Bütün bunlar bu illər ərzində gənclərin vətənpərvər və ümummilli məsələlərdə fəal olaraq yetişdirilməsinin bariz nümunəsidir. Faciədən illər ötsə də, Azərbaycan xalqının öz başına gətirilən bu hadisələri heç zaman unutmayacağını və gələcək nəsillərə ötürəcəyi tədbir müddəti ərzində qeyd olunub.

Tədbirin davamında “Cadenza” Müasir Orkestri, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivi və istedadlı gənclərin təqdimatında müxtəlif musiqi əsərləri ifa olunub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Xocalıda son gecə” tamaşası baş tutub. “İRƏLİ” Mədəniyyət Mərkəzinin üzvlərindən ibarət gənclərin təqdimatında nümayiş olunan tamaşa Xocalıda yaşamış və soyqırım zamanı düşmənin hücumuna məruz qalmış ailənin yaşantısından, ailənin qəhrəmanlığından bəhs edir.

Tədbirlər çərçivəsində Birliyin üzvləri Xocalı soyqırımı haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə də fəal şəkildə təşkilatlanıblar. Ümumilikdə 500-dən çox gəncin iştirakı ilə keçirilmiş kampaniyada gənclər “X” sosial şəbəkə platforması üzərindən Xocalı həqiqətləri ilə bağlı xarici dillərdə infoqrafik tvitlər paylaşılıb.

Tədbirlər müddətində həmçinin paytaxt və regionlarda yerləşən gənclər və idman idarələri və sosial xidmət müəssisələri ilə tərəfdaşlıq çərçivəsində “İRƏLİ” İctimai Birliyinin lentə aldığı “Böyüməyən Uşaqlar” filminin nümayişi keçirilib. Filmdə Xocalıda hər iki valideynini itirmiş 25 uşaq və onların dəhşət dolu həyat hekayələri, habelə Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirmiş Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri yada salınır. Baş tutmuş nümayişlər ümumilikdə 1000-dən çox gənci əhatə edib. Eyni zamanda, kampaniya çərçivəsində Nizami Kino Mərkəzində “Müharibə Uşaqları” filminin də nümayişi baş tutub.

Qeyd edək ki, həyata keçirilmiş tədbirlər planının əsas məqsədi Xocalı Soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması istiqamətində töhfələr verməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR