​Yeni dövrün ideoloji əsasları və təhlükəsizlik çağırışları: “Azərbaycan sivilizasiyası”

Prezident İlham Əliyev Milli Məclisdə inaqurasiya mərasimində çıxışı zamanı proqram xarakterli nitqi ilə qarşıdakı dövrdə mühüm hədəfləri və prioritetləri müəyyənləşdirdi. Cənab Prezident İlham Əliyev ölkəmizin təhlükəsizliyinin qorunması, yeni geosiyasi reallıqlar müstəvisində sərhədlərimizin etibarlı mühafizəsi ilə yanaşı, ideoloji risklər mövzusuna da toxundu. İdeoloji risklərə qarşı preventiv tədbirlərin görülməsi hər bir dövlət qarşısında milli təhlükəsizliyin ən mühüm istiqamətlərindən hesab olunur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Hazırda dünyada gedən proseslər də göstərir ki, ideoloji risklər heç bir sərhəd tanımır. Digər tərəfdən, ideoloji təxtibatlarının qarşısının alınması ilə bərabər, möhkəm siyasi-hüquqi əsaslara söykənən yeni milli ideologiyanın formalaşması mühüm əhəmiyyət kəsb edir.

Yeni milli ideya axtarışında...

Torpaqlarımızın azadlığı, ərazi bütövlüyünün, suverenliyin və Konstitusion quruluşun təmin olunmasından sonra ölkəmizin qarşısında yeni prioritetlər meydana gəldi. Daxili və xarici siyasətdə ideoloji norma və prinsiplərin yenilənməsinə və yeni milli prioritetlərə ehtiyac hiss olunmaqdadır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsi ölkəmizdə birliyin, həmrəyliyin möhkəmləməsinə, dilindən, etnik-milli mənsbiyyətindən, irqi, dini kimliyindən asılı olmayaraq, hər kəsin dövlət və dövlətçilik naminə birləşməsinə gətirib çıxardı. Zaman göstərdi ki, azərbaycançılıq ideologiyası ən uğurlu inkişaf modeli kimi ölkəmizə qarşı çirkin planlar həyata keçirən qüvvələrin arzusunu ürəyində qoydu. Vətən müharibəsində Ermənistan parlamentində ölkəmizdəki etnik azlıqlara təsir etməklə ölkəmizi daxildən sarsıtmaq və milli davamızdan diqqəti yayındırmağa yönəlmiş çağırışlar və cəhdlər edilsə də uğursuz oldu. Çünki Azərbaycan ötən əsrin 90-cı illərində yaşamır o dövrün hərc-mərcliyindən, xaos və anarxiyadan yaxşı dərs çıxarmış və güclü ideoloji sistem, milli birlik zirehi formalaşdırmışdı.

Valdaydan Münhenə doğru keçilən uğurlu yol

Cənab Prezident İlham Əliyevin 2019-cu ilin oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Qarabağın tarixi, əzəli Azərbaycan torpağı olduğunu bəyan etməsi və “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı xalqımızın vahid ideya ətrafında birləşməsinə xidmət etdi. Dünyanın tanınmış siyasətçilərinin, beyin mərkəzi rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda diplomatik-siyasi müstəvidə qələbənin qazanılması və Azərbaycan həqiqətlərinin bəyan olunması böyük qələbələr üçün zəmin hazırlayırdı.

Ardınca 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə regiondakı problemlərlə bağlı panel müzakirələri zamanı Liderimiz böyük diplomatik ustalıq və siyasi səriştə nümayiş etdirdi. Ermənistanın baş naziri Nikol Paşinyan “Böyük Tiqran”dan, öz müqəddəratını təyinetmədən (Self-determination) və həmin dövrdə olan status-kvodan danışsa da, Prezident İlham Əliyev əsaslandırılmış mövqeyi, tutarlı arqumentləri və tarixi, siyasi, hüquqi prizmada dəqiq və konkret fikirləri ilə dünyanın gözü qarşısında, canlı yayımda qarşı tərəfi növbəti dəfə intellektual müharibədə məğlub etdi.

2024-cü ilin fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü artıq yeni geosiyasi reallıqlarda keçirildi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanmasının, yeni təhlükəsizlik arxitekturasının və bu istiqamətdə yeni paradiqmaların, enerji və nəqliyyat-kommunikasiya sahələri ilə yanaşı, geniş spektr üzrə əməkdaşlıq formatlarının yaradılmasının təşəbbüskarı kimi çıxış edir.

Davamlı və dayanıqlı inkişafa nail olmaq üçün hansı yeni ideoloji narrativlər müəyyən edilməlidir?

Hər bir güclü dövlətin qarşıdakı 30, 50 və hətta 100 ili əhatə edən ideoloji konsepsiyası və onun reallaşması mexanizləri ilə bağlı müəyyən alətləri olur. Vətən savaşında qalib gələn güclü Azərbaycanın qarşıdakı 100 ilə hesablanmış ideoloji, diplomatik-siyasi, iqtisadi və hərbi-təhlükəsizlik baxışları sistemi olmalıdır.

Mələsən, qardaş Türkiyənin ideoloji və təhlükəsizlik yanaşmalarına nəzər salmaq olar.

Türkiyə nümunəsi və Mavi Vətən

Türkiyə yeni əsrlə bağlı ideoloji, siyasi, təhlükəsizlik baxışlarını yenilədi. Milli təhlükəsizlik anlayışı zamanla təhdidlərə, siyasi və hərbi proseslərə, texnologiyaya, risklərə və bu risklərin qavranılmasına görə dəyişmişdir. Dünyadakı bu dəyişikliklə Türkiyənin milli təhlükəsizlik anlayışındakı inkişaf və dəyişikliklərə uyğunlaşması, risk və təhdidlərə cavab verməsi üçün yeni anlayışlar qəbul edilib.

Xüsusilə 15 İyul çevriliş cəhdindən sonra Türkiyənin milli təhlükəsizliyi və siyasət anlayışında ciddi dəyişikliklər oldu. Bu nöqtədə çevriliş cəhdi hadisəsinə gedən prosesdə Türkiyənin həm PKK, həm də DEAŞ terror təşkilatlarının hədəfinə çevrilməsi Suriya balansı ilə birlikdə şərh olunmuş və Türkiyə özünə yönəldilmiş təhdidləri öz mənbəyində məhv edilməsi üçün yeni təhlükəsizlik doktrinası qəbul edildi. Bu çərçivədə “Fərat qalxanı” əməliyyatına start verərək, Suriyanın daxilinə Azəzdən Cerablusa, cənub istiqamətində isə Bab şəhərini əhatə edəcək tərzdə geniş bir sahə DEAŞ və PKK-dan təmizlənərək təhlükəsiz bölgə yaradıldı.

Türkiyə PKK terror təşkilatının Suriyada DEAŞ-la mübarizə görüntüsü arxasında ABŞ-ın öhdəçiliyilə bir terror dövləti qurma səylərini gördü və bunun qarşısını almaq üçün birbaşa addımlar atmağa başladı. “Fərat qalxanı” əməliyyatından sonra “Zeytun budağı” əməliyyatı ilə Afrin, “Sülh çeşməsi” əməliyyatilə isə Tel Abyad və Rasulayn kimi bölgələr Suriyada terrordan təmizləndi. Bu əməliyyatlara Türkiyə Silahlı Qüvvələrilə yanaşı Türkiyənin təlim keçdiyi suriyalı müxalifət qrupları da qatılmışdır. Türkiyə yenə İdlib bölgəsində “Bahar qalxanı” əməliyyatını həyata keçirərək bölgədəki humanitar böhranın qarşısını almağa cəhd göstərmişdir. Türkiyə İraqın şimalında da sərhəddən kənarda əməliyyatlarını davam etdirir. Qətiyyətlilik əməliyyatı ilə bölgədəki PKK terror təşkilatının ünsürləri zərərsizləşdirilir. Bundan əlavə, Türkiyə kəşfiyyat idarəsinin vasitəsilə PKK-nın yüksək səviyyəli idarəçi kadrlarını İraq-Suriya ərazisi sahəsində zərərsizləşdirir. Türkiyə bütün bu hərbi əməliyyatlarda öz quru və hava nəqliyyat vasitələrində, xüsusən də öz müdafiə sənayesi tərəfindən istehsal edilən pilotsuz uçuş aparatlarından çox təsirli şəkildə istifadə etdi. Türkiyənin inkişaf edən hərbi mövcudluğu baxımından əhəmiyyətli dönüşü dostları sevindirir, düşmənləri məyus edir.

Türkiyənin xarici siyasəti hər zaman dinamikliyi və qətiyyətliliyi ilə fərqlənib. Qardaş ölkə, təbii ki, zamanın çağırışları fonunda öz milli maraqlarına uyğun hərəkət edib. Bununla bərabər, humanizm və bəşəri əxlaq prinsipləri heç vaxt arxa plana keçməyib. Son aylar Türkiyənin xarici siyasət kursunda müəyyən dəyişikliklər baş verir. Belə ki, rəsmi Ankara indi yaxın və uzaq dövlətlərlə kəskin rəqabətdən daha çox hərtərəfli əməkdaşlığa üstünlük verməyə çalışır.Türkiyə böyük dövlətçilik ənənələrinə malik dövlətdir. Regionda və dünyada baş verən proseslər, onların mümkün təsirləri diqqətlə araşdırılır və xarici siyasətin prioritetləri müəyyən edilir.

Qardaş Türkiyənin regional və qlobal təhlükəsizlik strategiyasında “Mavi Vətən” anlayışını irəli sürməsi milli təhlükəsliklə bağlı təhdidlərin ölkənin xaricinə çıxarmaqla onun mübarizəsinə söykənir. Bir zamanlar ölkə daxilində terrorla mücadilə edən qardaş Türkiyə bu gün ölkə hüdudlarından xaricdə terroru məhv edir və birdəfəlik kökünü kəsir.

2023-cü il prezident seçkilərindən sonra Türkiyə Cümhuriyyəti ikinci əsrə qədəm qoydu. Türkiyənin geosiyasi və təhlükəsizlik mühiti yüksək rəqabətli və məhdudlaşdırıcı olacaq və ikinci əsrdə Türkiyənin strateji istiqaməti ilə bağlı rəqabət aparan geosiyasi layihələr baş verəcək. 2023-cü il təkcə daxili siyasət baxımından deyil, həm də Türkiyənin regional və qlobal strateji oriyentasiyası baxımından ölkənin ikinci əsrinin başlanğıcı oldu. Bu nöqtədə seçkilər Türkiyənin geosiyasətini formalaşdıracaq ən dominant qüvvəyə çevrildi.

Haqqında bəhs etdiyimiz yenilənmələr, dəyişikliklər, konseptual yanaşmalar sistemi Azərbaycan üçün də öz aktuallığını qoruyur. Prezident İlham Əliyev 20 il ərzində Azərbaycana rəhbərlik etdikdən sonra torpaqlarımızın bütünlüyünü təmin edərək yeni eraya qədəm qoydu. Qələbə və Zəfər dövrünün terminalogiyası, baxışları, yanaşmaları və konsepsiyası da dəyişməlidir.

Prezident İlham Əliyev yeni dövrdə türk dünyasına, türk ailəsinə, Türk Dövlətləri Təşkilatına və Türkiyə ilə qardaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir. 2024-cü ilin fevralın 14-də Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimi zamanı nitqində beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağımızı, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyəyimizi vurğuladı. “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik” .

Bu xüsusda qeyd edək ki, Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə edərək iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini, bu münasibətlərin hər iki ölkə üçün böyük əhəmiyyətini bir daha vurğuladı. Azərbaycan və Türkiyə bir millət iki dövlət, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyip Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş olan, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir. Prezident İlham Əliev və Prezident Ərdoğan arasında şəxsi dostluq və qardaşlıq münasibətləri ölkələrimizin arasında əlaqəlırin daha da möhkəmlənməsi və inkişafını şərtləndirən əsas amillərdən hesab olunur. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi əlaqələrimizin möhkəmlənməsinə, regionumuzda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasında müstəsna rolu vardır.

Gənclərə xitab...

Milli Məclisdə inaqurasiya zamanı Prezident İlham Əliyev gənclər siyasətinə dair çox mühüm vəzifələr müəyyənləşdirdi.“Əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır.Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram.Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir.Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir.Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir.İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır.Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”.

Təqdim etdiyimiz model: “Azərbaycan sivilizasiyası”

Hər dövrün öz hökmü, diktəsi var. Azərbaycanın böyük mütəfəkkirlərinin XIX əsrin sonu - XX əsrin əvvələrində dediyi kimi, necə etmək lazımdır ki, Azərbaycan öz milli mənliyini, dinini, dilini, mədəniyyətini saxlasın, eyni zamanda, qloballaşma prosesindən kənarda qalmasın? Bu yolu da Heydər Əliyev doğru göstərmişdir.Onun çıxışlarında dəfələrlə bu məsələyə münasibət bildirilib və tarixin sınağından çıxıb.

Hazırda bəşəriyyət inqilabi dəyişikliklər dövrünü yaşayır.Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra akademik çevrələrdə və ziyalılar arasında əsas müzakirə mövzusu milli ideologiya ilə bağlıdır.Qarabağ mövzusunun birdəflik bağlanması milli və uzunmüddətli strateji prioritetlərin müəyyən edilməsi üçün zəmin hazırlayıb.

Qeyd edək ki, 2021-ci ilin 2 fevral tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunmuşdur .Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:

1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Qarşıdakı 7 il ərzində Milli Prioritetlərin reallaşması öz aktuallığını qoruyacaq. 1453-cü ildə Osmanlı hökmdarı II Mehmedin komandanlığında İstanbulun fəthini qardaş Türkiyə əsrlərdir yaşadır və qəhrəmanlıq salnaməsi kimi gənc nəslə aşılayır.Əldə etdiyimiz tarixi Zəfərin təbliği, onun əsrlər boyu yaşaması və daha da inkişaf etməsi üçün ideoloji inkişaf modelinin uğurlu şəkildə adlandırılmasına ehtiyac hiss olunur.Hər bir dövlətin siyasi-hüquqi, iqtisadi, hərbi, ideoloji, təhlükəsizlik əsaslarını özündə birləşdirən uğurlu konsepsiyaya ehtiyacı mövcuddur.Lakin burada tarixi keçmiş, regional reallıqlar, geosiyasi şərait, təbii ehtiyatlar, əhali və ərazinin imkanları da mühüm rol oynayır. Xoşbəxtlikdən imperiyalar quran dövlətçilik ənənələrimiz, güclü və dayanıqlı iqtisadiyyatımız, düşmənə qalib gələn güclü ordumuz, vətənpərvər gənclərimiz, mineral resurslarımız, gözəl təbiəti olan coğrafiyamız var. Güclü siyasi iradəyə malik, prisipial, qətiyyətli və təcrübəli Prezident İlham Əliyev bütün imkanları və resursları vaxtında və düzgün səfərbər etmək üzrə üstün qabiliyyətə və keyfiyyətlərə malikdir.

Samuel Hantinqton “Sivilizasiyaların toqquşması” tezisini irəli sürərək bildirdi ki, Soyuq müharibədən sonrakı dövrə müvafiq olaraq, yəni 1990-cı illərdən etibarən beynəlxalq ittifaqlarda və ya münaqişələrdə müəyyənedici amil siyasi və ya iqtisadi ideologiyalar deyil, sivilizasiyalardır və bu tendensiya XXI əsrdə də davam edəcək.S.Hantinqtonun sivilizasiya ilə bağlı düşüncələrini o qədər tənqid etdilər ki, bu gün sivilizasiya sözü işlədəndə auditoriyada müharibə, fəlakətlər ilə assosiasiya olunur və ancaq mənfi təsəvvürlər formalaşır.Lakin bizim əcdadlarımız böyük coğrafiyada tarix yazıblar, sivilizasiya formalaşdırıblar.Azərbaycan sivilizasiyasına sahib çıxmaq hər hansı dövlətə qarşı ərazi iddiasının irəli sürülməsi kimi anlaşılmamalıdır.

Azərbaycan sivilizasiyası modelinin adı şərtidir. Təki digər uğurlu ideologiya və təhlükəsizlik baxışlarını özündə əks etdirən konsepsiya milli ideyalar məcmusunu özündə əks etdirsin, regional və qlobal miqyasda təhlükəsizlik təhdidlərinin aradan qaldırmasını təmin etsin, gənclərimizin mənfi təsirlərdən qorunmasına dəstək olsun, iqtisadi potensialı gücləndirsin, elmi-texniki tərəqqini və sənayeləşməni stimullaşdırsın!

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR