2024-cü ildə manat dollar qarşısında ucuzlaşacaq? - AÇIQLAMA

Son vaxtlar Azərbaycanda əhali daha çox dollar almağa başlayıb. Mərkəzi Bankda keçirilən valyuta hərracında dollara tələb yüksək olub. Son üç hərracda 300 milyon dollardan artıq sifariş olub.

Yaranmış vəziyyətin devalvasiyaya gətirib çıxaracağı ilə bağlı narahatlıqlar fonunda iqtisadçı, millət vəkili Vüqar Bayramov Metbuat.az-a bildirib ki, dollara tələbin artması, həm idxalın, həm də psixoloji olaraq bazarda dollara olan tələbin yaranması ilə bağlıdır:

Rəqabət Məcəlləsi təsdiqləndi -

“Burada mövsümü faktorlar rol oynasa da, eyni zamanda idxalın artması əsas faktor olaraq qalmaqdadır. Qonşu ölkələrdə milli valyutanın məzənnəsindəki dəyişikliklər də bazara təsir göstərir. Manatın məzənnəsinin necə olması birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bankın son açıqlamalarında manata təhdidin olmadığı bildirilib. Növbəti dövrdə Mərkəzi Bankın mövqeyi birbaşa milli valyutamızın məzənnəsinin müəyyənləşdirilməsində həllediciliyini qoruyub saxlayır. Bu konteksdən manatın məzənnəsi növbəti dövrlər üçün də Mərkəzi Bankın mövqeyindən asılı olaraq müəyyənləşəcək. Çünki Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün Mərkəzi Bankın mövqeyi bu istiqamətdə çox əhəmiyyətlidir”.

İqtisadçı Eyyub Kərimli isə düşünür ki, dollara tələbat tendensiyasi davam edərsə, müəyyən təzyiqlər yarana bilər:

“Ölkədə valyutaya olan depozitlərin də məbləğində artım var. Bu da onu deməyə əsas verir ki, vətəndaşlar əsasən yığımlarını, depozitlərini valyutaya keçirirlər. Bu da tələbata təsir edir. 2024-cü ilin yanvar ayında xarici valyutada verilən kreditlərin məbləğində 82% kəskin artım müşahidə olunmaqdadır. "İki ayda dollara tələbat niyə artır?" sualına təsir edən amillərdən biri də məhz bu amildir. Hazırda bankların kreditləri xarici valyutada verməyə başlaması 2015-ci ildə devalvasiyasından bir müddət öncəki prosesləri xatırladır. Hesab edirəm ki, aprel ayının nəticələrinə əsasən, daha dolğun, ciddi fikir söyləmək mümkün olacaq”.

İqtisadçı Eldəniz Əmirov qeyd edib ki, dollara olan tələbin artması, təkcə manata olan təzyiqi artırmaqla bitmir. O həm də iqtisadi aktivliyi aşağı salır:

Fotoğrafı Aç

“Əgər 2024-cü ildə devalivasiyanın olmayacağına dair Mərkəzi Bankda əminlik varsa, o zaman bir yumşaq verbal intervensiya ilə psixoloji gərginliyi azalda bilər”.

Sosial fəsadlarının həddən artıq çox olduğunu qeyd edən iqtisadçı Rəşad Həsənov son iki il ərzində qiymət artımları fonunda ciddi təzyiq yaşandığını xatırladaraq bildirib ki, bazarda 2024-cü ildə arzuolunan həddə qədər inflyasiya göstəricilərinin tənzimlənməsi imkanı yaranıb:

“Belə bir şəraitdə devalvasiya qərarının qəbul edilməsinin özünün çox böyük sosial fəsadları olar. İqtisadiyyat o qədər də inkişaf etməyib ki, devalvasiya edilmiş manat Azərbaycana ciddi iqtisadi dividentlər vəd etsin. Düşünürəm ki, şərtlər daxilində rasional qərar qəbuletmə devalvasiyaya getməz”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı