BQXK azan əsgərimizə niyə baş çəkmir? - Deputat

"Ola bilər ki, Ermənistan azan əsgərimizə möhkəm işgəncələr verib və bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin görməsini istəmirlər".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Arzu Nağıyev Laçında azaraq Ermənistan tərəfə keçən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ruslan Pənahova başçəkmə prosesinin yubanmasına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, bizim əsgərlərimizə qarşı qeyri-humanist addımlar, hərbi qanunlara sığmayan hərəkətlər daim ermənilər tərəfindən edilib:

"Digər məsələ, yəqin ki başçəkmə məsələlərinə görə danışıq prosesləri gedir. Eyni zamanda, ona qarşı qondarma cinayət məsələləri var. Ola bilər elə bir yerdə saxlanılır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsini ora buraxmaq fikirləri yoxdur". Azərbaycan hərbçisi Ruslan Pənahov Laçın istiqamətində bir mövqedən digərinə getdiyi vaxt, dumanlı havada azaraq Ermənistan tərəfə keçib və Ermənistan onu həbs edib. Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, Azərbaycan-Ermənistan şərti sərhədində Azərbaycan hərbçisi əlində avtomat və bir avtomat darağı ilə Ermənistan sərhədini keçib. Əsas məqam ondan ibarətdir ki, Ruslan Pənahova qarşı azıb gəlmək deyil, onun təxribatla bağlı Ermənistana keçməsini və yaxud müəyyən diversiya hərəkətləri etməsi ilə bağlı cinayət işi qaldırıblar.

Artıq Ermənistanın istintaq komitəsi bir neçə maddə ilə cinayət işi başlayıb. "Qanunsuz sərhəddi keçmə", "Qaçaqmalçılıq", "Diversiya" kimi absurd maddələrlə ona qarşı cinayət işi qaldırıblar. Təbii ki, beynəlxalq strukturlar da buna öz fikrini bildirməlidirlər. Həmin sərhəddəki Avropa müşahidəçiləri ki var, onların təmsil etdiyi dövlətlər də müəyyən açıqlamalar verməlidirlər. Onların işi Azərbaycan ərazisini müşahidə edib, dövlətlərinə ötürmək deyil, eyni zamanda belə məsələlərə də ciddi rekasiya verməlidir. Azərbaycan tərəfindən də müvafiq addımlar atılır. Hər bir Azərbaycan vətəndaşının, eyni zamanda Azərbaycan əsgərinin taleyi Ali Baş Komandan tərəfindən nəzarətdədir. Bu istiqamətdə də müvafiq addımlar atılacaq".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR