Bayramı faciəyə çevirən tonqallar - Nələrə əməl etməliyik?

"Novruz bayramının gəlişi ilə əlaqədar yanğın təhlükəsizliyi məsələləri aktuallaşır. Novruz bayramı xalqımızın milli mənəvi dəyərlərini özündə birləşdirən bayram olsa da, bu bayram ərəfəsində təhlükəsizlik qaydalarına biganə yanaşmaq həm insanlara, həm də ətraf mühitə, əmlaka ciddi zərərlə nəticələnə bilər".

Bu sözləri Metbuat.az-a təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib. Ekspert bildirib ki, Novruz bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhküləsizliyi tədbirləri öncədən nəzərdən keçirilməlidir:

"Bayram ərəfəsində bizim adət-ənənələrimizi özündə ehtiva edən bayram tonqalları evlərin, yaşayış binalarının, avtomobillərin, ağac və digər yana bilən materialların yaxınlığında hazırlanıb qalanmamalıdır. Mütləq ara məsafəsi nəzərə alınmalıdır. Ötən bayramlardan gördüyümüz kimi ağacların yanması, elektrik naqilləri ilə bağlı xoşagəlməz hadisələr baş verib. Bu da onu deməyə əsas verir ki, bayram zamanı yanğın təhlükəsizliyi qaydalarına kifayət qədər əməl olunmur. Bayram tonqalları qalanarkən xüsusi ərazilər seçilməlidir. Seçilən yerlər zamanı ara məsafəsinə mütləq diqqət olunmalıdır".

Orxan Musayev qeyd edib ki, qalanan tonqalların ətrafına əsasən azyaşlıların nəzarətsiz şəkildə toplaşması və tonqalın üzərindən atlamaq cəhdləri bədbəxt hadisələrlə nəticələnə bilər:

"Bayram tonqalı tam sönənə qədər nəzarətdə saxlanılmalıdır. Təhlükəsizlik üçün tonqalın yanında çəlləkdə su qoyulmalıdır. Mənzillərdə bəzən adətlərə uyğun olaraq şamlar yandırılır. Bu şamların nəzarətsiz saxlanılması artıq mənzildə yanğın təhlükəsizliyi qaydalarını bir daha aktuallaşdırır. Belə ki, nəzarətsiz qalan şamlar ərimə prosesi zamanı mənzillərdə yanma riskini çoxaldır. Bu cür halların qarşısını almaq üçün isə mütləq şamlar xüsusi qablarda yandırılmalı və şamlar tam sönənədək onlara nəzarət olunmalıdır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı