Avtomobillərin texniki baxışı ləğv oluna bilər? - AÇIQLAMA

Rusiyada avtomobillərin texniki baxışı ləğv olunub. Yeni qaydaya görə, avtomobilini şəxsi məqsədlər üçün istifadə edənlər məcburi texniki baxışdan azad olunurlar. Yalnız avtomobili qeydiyyata salarkən və ya yaşı 4 ildən yuxarı olan avtomobillər addan ada keçirildikdə, texniki baxışdan keçmək tələb olunacaq.

Azərbaycanda da bu proses baş verə bilərmi?

Mövzu ilə bağlı Metbuat.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, texniki baxışa yanaşmalar müxtəlif ölkələrdə dəyişir:

"Azərbaycanda da bəlkə zaman keçdikcə bu dəyişəcək. Amma bu gün Azərbaycan avtomobil parkının böyük hissəsi köhnə avtomobillərdən ibarətdir və sürücülərimizin də böyük bir qismi avtomobilə qulluq etmir. Yəni onun işıq cihazları, digər sistemləri sıradan çıxır. Düzəltmək lazm olduğu halda düzəltmirlər".

Ekspert düşünür ki, sürücülər yalnız texniki baxış ərəfəsində məcburiyyətdən maşınlarını təmir edirlər:

"Biz psixoloji olaraq bu şəkildə formalaşmış bir cəmiyyətik. Texniki baxışı da ləğv etsək, bir çoxları avtomobilə qulluq lazımdır anlayışını bir kənara qoyacaq. Təbii ki, bizim avtomobil parkımız nə vaxtsa yenilənərsə, yeni avtomobillərin gətirilməsi daha keyfiyyətli və ucuz başa gəlməsi bizə fayda verə bilərsə, o zaman biz də bu barədə düşünərik.

Ümumiyyətlə texniki baxışın ləğv olunması o zaman baş verə bilər ki, insanlarımız məsuliyyətlidir, artıq avtomobillərinə vaxtı-vaxtında qulluq edir, ətraf mühüti çirkləndirən maşınlar yoxdur və sair. Bu proses bəlkə gələcəkdə mümkün ola bilər. Amma indi bunu deyə bilmərik".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR