Xankəndidəki "məşhur bina"nın sökülmə səbəbi - “Azərbaycanın daxili işidir”

İşğaldan azad edilmiş Xankəndidə əvvəllər erməni separatçıları tərəfindən “parlament” kimi istifadə edilən qanunsuz bina sökülməsi barədə məlumat vermişdik.

Bu barədə erməni mətbuatı yazır ki, Xankəndidə qondarma “artsax parlamentinin” binasının sökülməsi Bakının İrəvana və Ermənistanda fəaliyyətini davam etdirməyə çalışan “artsax rəsmilərinə” açıq mesajdır.

Mövzu ilə bağlı politoloq Azad Məsiyev Metbuat.az-a bildirib ki, separatçıların yuvası olan qondarma “parlamentin” binasının sökülməsi Azərbaycanın daxili işidir:

“44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatından sonra Azərbaycan həm de-fakto, həm də de-yuri öz suverenliyini bərpa edib. Azərbaycan Qarabağda Ermənistan işğalçıları, separatçı terrorçu təşkilatları neytrallaşdıqdan sonra quruculuq işlərinə, xüsusilə də Xankəndində abadlıq işləri dövlət proqramının tərkib hissəsi olaraq davam etdirir.

Hələ də separatçıların Azərbaycana qarşı qərəzli davranışları davam etməkdədir. Hazırda Ermənistanda fəaliyyət göstərən separatçı tör-töküntüləri Azərbaycan əleyhinə kampaniya aparır. Başda baş nazir Nikol Paşinyan olmaqla separatçılar Azərbaycana qarşı qərəzli davranışlarından, düşmənçilik siyasətindən əl çəkmirlər. Bütövlükdə Xankəndində aparılan quruculuq tədbirlərini Qarabağ bölgəsində aparılan abadlıq işlərinin tərkib hissəsi kimi baxmaq lazımdır”.

Erməni KİV-i onu da yazır ki, Xankəndində “artsax parlamentinin” binasının sökülməsi Qarabağdan köçən ermənilərin geri qayıtmayacaqları deməkdir. Bu fikrə münasibət bildirən politoloq iddiaları əssasız adlandırıb:

“Əgər Azərbaycan tərəfi Ermənistandan Xankəndinə gedən ermənilərin geri qayıtmasına zəmanət verirsə, onda Ermənistan dövləti də 1988-ci ildə Ermənistandan olan soydaşlarımızın geri qayıtmasına zəmanət verməlidir. Bu qarşılıqlı formada olmalıdır. Ermənistanda olan qüvvələr bütün vasitələrdən istifadə edərək “parlamentin” binasının sökülməsindən də siyasi məqsəd kimi istifadə etsələr də, Azərbaycanın bu addımı qərəzli deyildir.

Bu məsələ şəhərin infrastrukturunun abadlaşdırılmasına hesablanıb. Azərbaycan dövləti öz ərazisində hansı binanı sökürsə və ya tikirsə, Ermənistandan buna görə icazə almalı deyil. Bu, Azərbaycanın daxili işidir və erməni dövlətinin əleyhinə hesablanacaq bir iş deyil”.

Azad Məsiyev xatırlatdı ki, 30 ilə yaxın bir zamanda Ermənistan işğalçıları Azərbaycan ərazisinin 20 faizini işğal etməklə kifayətlənməyib, həmin əraziləri darmadağın edib, viran qoyublar. Politoloq fikirlərinə yekun olaraq qeyd edib ki, Xankəndində olan “parlamentin” binasının sökülməsi təcavüzə məruz qalan ərazilərimizlə müqayisə ediməyəcək qədər əhəmiyyətsiz məsələdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR