“Avro Qrand” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərildi

“Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

İstintaqla qeyd olunan hüquqi şəxsin təsisçisi və faktiki rəhbəri Xanlar Cəfərov, satış üzrə meneceri Xəzər Əliyev və sonuncunun tanışı Elgiz İsmayılovun qabaqcadan əlbir olaraq saxta sənədlər təqdim etməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasında faktiki sahibi olan mənzillərin dələduzluq yolu ilə təkrarən digər vətəndaşlara satılmasına nail olmalarına, bu yolla külli miqdarda pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edililib.

Toplanmış sübutlar əsasında Xanlar Cəfərov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui istifadə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə, Elgiz İsmayılov və Xəzər Əliyev isə həmin Məcəllənin 178.3.2 və 320.1-ci (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib.

Xanlar Cəfərov və Elgiz İsmayılov hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiklərindən istintaq dövründə barələrində qətimkan tədbiri seçilməyib, Xəzər Əliyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq olunub.

Cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayələt Məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR