Türkiyə-Ermənistan normallaşması niyə dalana dirənib? - AÇIQLAMA

Bir müddətdir ki, Ermənistan-Türkiyə münasibətlərində səssizlik müşahidə edilir. Martın əvvəlində Türkiyə Prezidentinin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç deyib ki, Türkiyə-Ermənistan normallaşma prosesinin gündəliyi dəqiqləşdirilməyib.

O qeyd edib ki, sadəcə görüş naminə görüşün mənası yoxdur, məsələyə aydınlıq gətirmək üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulsa da, görüşün tarixi və məkanı hələ razılaşdırılmayıb.

Politoloq Elxan Şahinoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, münasibətlərin normallaşmasını arzulayan Ermənistan sərhədlərin açılmasını istəsə də, Türkiyənin mövqeyi bəllidir:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda bir daha açıqladı ki, Türkiyə Ermənistan siyasətini Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirir. Bu o deməkdir ki, birinci növbədə Ermənistan Azərbaycanla məsələləri həll etməli, çərçivə sazişi imzalanmalı, səkkiz kəndi geri qaytarmalı, Zəngəzur dəhlizi açılmalı, ondan sonra Türkiyə də Ermənistanla münasibətləri normallaşdıra bilər. Rəsmi İrəvan Türkiyə - Azərbaycan mövzularını ayrı-ayrı müzakirə etməyə çox çalışdı. Amma Türkiyə bütün bəyanatları ilə göstərir ki, bu, kompleks məsələdir”.

Hazırda Ermənistanla Türkiyə münasibətlərində barışıq üçün əsas şərti vurğulayan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Metbuat.az-a bildirib ki, öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyənə qədər İrəvanla xoş münasibətlər qurmaq mümkün deyil:

AŞPA-ya dünyanın sahibi olmadıqlarını deməyin vaxtı çatıb -

“Ermənistan Azərbaycanla sülh bağlamır və üç tərəfli Bəyannamənin tələblərini yerinə yetirmir. Davamlı təxribatlar, insidentlər gərginlik yaradır. Eyni zamanda Qərbin, xüsusən də Fransanın hadisələrə müdaxiləsini təmin edir. Görünür, Ermənistan müharibəni sülhdən üstün tutur”.

Yücel Karuz deyib ki, Ermənistan-Türkiyə barışığı üçün ikinci şərti Ermənistan konstitusiyasında Türkiyənin ərazi bütövlüyünü təhdid edən ifadələrin çıxarılmasıdır:

“Onlar bununla bağlı heç bir addım atmayıblar. Hazırda iki ölkə arasında olan durğunluğun səbəbi Ermənistanın Azərbaycanla bağlı verdiyi vədləri yerinə yetirməməsidir. Daha əvvəl də qeyd etmişdik ki, Azərbaycan və onun qonşusu Ermənistanın bundan sonra mehriban yaşamaq üçün tək şansı sülh müqaviləsi imzalamaqdır. İrəvan sülh üçün çalışmalı və bu güvəni Türkiyə və Azərbaycana verməlidir.”

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR