Azərbaycanda su qıtlığı riski - Səbəblər AÇIQLANDI

"Azərbaycanda su ehtiyatlarının azalma riski çox böyükdür. İyirmi il bundan əvvəl biz Kür və Araz çayları vasitəsilə xarici ölkələrdən illik 20-25 kubmetrlik su alırdıq. Hal-hazırda bu rəqəm 10-12 kubmetrdən çox deyil. Kür və Araz çayları qonşu ölkələrin, xüsusilə Türkiyə, Gürcüstan və Ermənistanın ərazisində formalaşır, bu ölkələrdə suya tələbat artır və getdikcə onlar bizə daha az su verirlər. Ona görə də, bu ölkələrlə birbaşa ikitərəfli danışıqların aparılması çox zəruridir ki, hər bir ölkə üçün ayrıca kvotalar ayrılsın və beynəlxalq çayların inteqrasiyalı idarəetmə sxemləri işlənilsin. İnteqrasiyalı idarəetmə sistemləri işlənməsə, məsələ öz həllini tapmayacaq".

Bu sözləri Metbuat.az-a açıqlamasında ekoloq Rövşən Abbasov deyib. O bildirib ki, bu məsələdə iqlim dəyişikliklərinin təsiri də rol oynayır:

"İqlim dəyişməsinin nəticəsində Azərbaycanın su ehtiyatlarının azaldığı görünür. 2040-cı ilə qədər 20 faizə qədər azalma ola bilər. Digər səbəb isə Azərbaycanda suvarılan ərazilərin getdikcə artmasıdır. Buna görə vacibdir ki, biz suvarmadan aslılığı azaldaq. Müasir texnologiyalara keçməklə həm suvarılan ərazilərin ümumi miqdarını azaldaq, həm də bu texnologiyalara keçməklə su itkilərinin qarşısını alaq. Artıq bu işə başlanılıb. Bir çox torpaq əsilli kanallarda betonlar tökülür. Fermerlərin müasir suvarma texnologiyalarına keçidi üçün ölkədə mühüm işlər görülür".

Ekspert qeyd edib ki, Azərbaycan özünün milli su strategiyasını işləyəndə təkcə bizim çaylarımızdan yox, ondan əlavə Xəzər dənizini də nəzərə almalıdır:

"İnteqrasiyalı idarəetmədə Xəzər dənizini ayrı tuta bilmərik. Ona görə də, biz təkcə Kür və Araz çaylarının yuxarı hövzəsində olan ölkələrlə yox, həm də Xəzər dənizi hövzəsində yerləşən ölkələrlə, xüsusilə Rusiya ilə bu istiqamətdə mühüm razılaşmalar əldə etməliyik".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı