Azərbaycandan Avropaya qaz ixracı artıb - AÇIQLAMA

"2023-cü ilin ilk iki ayında Azərbaycanın Avropaya qaz ixracatı 9.6 faiz artaraq 2.1 milyard kub metr olub. Bu müddətdə Türkiyəyə 1.4, Gürcüstana isə 0.6 milyard kub metr qaz ixrac olunub. Azərbaycanın ümumi qaz ixracatı son iki ayda 4.1 milyard kub metr olub. Ümumi qaz hasilatı isə 2.3 faiz artaraq 8,2 milyard kubmetrə çatıb. Son 3 ildə Azərbaycan Avropaya 33 milyard kubmetrdən çox qaz ixrac edib. 2023-cü ildə Avropaya qaz ixracının həcmi illik olaraq 12 milyard kubmetrə yaxınlaşıb".

Metbuat.az bildirir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, artıq Avropanın 5 ölkəsinə mavi qaz nəq edən Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib:

"Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu son illər daha da artmaqdadır. 2022-ci ildə Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır.

TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq. Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2026-cı ildən sonra Avropa İttifaqına ixrac edilə bilər. Göründüyü kimi, qərəzli bəyanatlar bir söz deyir, rəqəmlər isə başqa mənzərə yaradır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR