“Rusiya - Ukrayna müharibəsi bu halda bitə bilər” - AÇIQLAMA

“İki ildir Avropa İttifaqı və ABŞ-nin dəstəyi ilə silahlandırılan Ukrayna müharibənin sonunda itirəcək birinci dövlətdir. Hazırkı vəziyyət bu müharibənin hələ bir müddət də davam edəcəyinə işarə edir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Qərbin silah tədarükünün azalması ilə bağlı son vaxtlar verdiyi açıqlamaları dəyərləndirən politoloq bu addımları manipulyasiya hesab edir:


“Ola bilsin ki, ictimaiyyətə açıqlamasında silah-sursat qıtlığı barədə açıqlamalar verilsə də, gizli-gizli Ukraynanı silahlandırmağa davam edəcəklər. Digər tərəfdən, Avropa daxilində fikir ayrılığı var. Xüsusən də Macarıstan bu məsələdə tərəddüd edir, Rusiyaya qarşı silahlanmaya çox da maraq göstərmir. Aİ tərəfdən edilən son açıqlamalar onu göstərir ki, müharibədə müəyyən bir müddətə durğunluq yaranacaq.

Martın 17-də Rusiya seçkilərə gedir. Bununla yanaşı, cəbhədə döyüşlər də davam edir. Düşünürəm ki, Ukrayna prezidenti Volodimir Zelenski də vəziyyətin hansı yerdə olduğundan xəbərdardır. O tam təslim olmaq istəmir, çünki ərazilərinin 20 faizini artıq itirib. Bu baxımdan Türkiyənin vasitəsilə sülh danışıqları prosesi baş tuta bilər”.

İki il davam edən müharibədə ən çox qazananın silah şirkətləri olduğunu vurğulayan politoloq qeyd edib ki, Avropa İttifaqı və ABŞ-nin ümumilikdə Finlandiya və İsveçi NATO-ya almaqla yeni bir cəbhəni formalaşdırmaqla bərabər, Rusiyaya qarşı sərhədi tam tutdular:

“Baltik dənizi artıq bir NATO dənizinə çevrilib. Bu baxımdan düşünürəm ki, Ukrayna məsələsi müəyyən mənada səngiyə bilər, amma yekunlaşması hələ uzun bir prosesi əhatə edəcəkdir. Məsələ ondadır ki, Ukrayna özü də tam olaraq müharibəni yekunlaşdırmaq istəmir. Çünki ərazilər işğalda qalacaq. Rusiya əgər müharibənin qalibi olarsa, dünyada nüfuzunu daha da artıracaq ki, bu da Qərb üçün potensial təhdid yarada bilər. O baxımdan düşünürəm ki, Avropa İttifaqı da bu prosesdə axıra qədər mübarizəni davam edəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR