Rus Dram Teatrının martın 16-dan 31-dək repertuarı

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının martın 16-dan 31-dək repertuarı açıqlanıb.

Metbuat.az repertuarı təqdim edir:

16 mart – “Evlilik”

N.V.Qoqolun eyniadlı komediyasının motivləri əsasında səhnələşdirilmiş bu tamaşa ilk dəfə 2018-ci il dekabrın 22-də göstərilib. Rejissor Emin Mirabdullayevdir.

“Evlilik” tamaşasının alt sərlövhəsi var: “İkipərdəli və tamamilə qeyri-adi hadisələr”. Komediyanın süjeti sərfəli adaxlı tapmaqdan ibarətdir. Tacir qızı zadəgana ərə getmək niyyətindədir, zadəgan adaxlılar isə varlı gəlin axtarırlar. Komediyanın baş qəhrəmanları qərarsız tiplərdir. Ortaq səylərin demək olar ki, uğurla nəticələndiyi anda komik vəziyyət alınır...

17 mart - “Qürur və qərəz”

Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanı 2013-cü il aprelin 14-də tamaşaçılara təqdim olunub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır.

21 mart-“Yeddi gözəl”

Tamaşanın premyerası 2012-ci il dekabrın 7-də olub və dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin 870 illiyi, 2013-cü ildə UNESCO tərəfindən elan olunan “Nizami ili” ərəfəsində keçirilib. Quruluşçu rejissor Yonas Vaytkusdur (Litva).

Nizami Gəncəvinin poeması üzərindən konseptual baxış sülh və həqiqətin dərk edilməsi üzrə fəlsəfi mövzuları açır.

22 mart – “Mən, sən, o və telefon”

Tamaşanın premyerası 2022-ci il oktyabrın 7-8-də olub.

Tamaşaya quruluş vermək üçün Sankt-Peterburqdan soydaşımız – istedadlı rejissor, Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, artıq Azərbaycanda, Rusiyada, Qazaxıstanda tamaşalar qoymuş Ərşad Ələkbərov dəvət olunub. Bu tamaşanın quruluşçu rəssamı Kristina Danilinadır (Rusiya).

Yazıçı Anarın əsəri əsasında səhnələşdirilmiş tamaşa telefonun baş qəhrəmanlar arasında birləşdirici halqa olduğu hadisədən bəhs edir. Rüstəmlə Mədinənin sevgi hekayəsi bu telefonun ətrafında cərəyan edir. Ancaq sonradan başqa bir aşiq personaj - Seymur əlavə edildikdə, hər şey daha da qarışıq olur. Bu sevgi üçbucağı iştirakçılardan ikisinin eyni şəxs olması ilə diqqəti çəkir. Mədinə ikisindən hansını seçəcək?

23 mart – “Əli və Nino”

Tamaşa Qurban Səidin dünyaca məşhur romanı əsasında hazırlanıb. Rejissor İlqar Safatdır.

Dünya tarixi bizim üçün müxtəlif millətlərdən, dinlərdən, kastalardan, siniflərdən olan oğlan və qız arasındakı sevgi haqqında mifləri, əfsanələri və hekayələri qoruyub saxlayıb. Onlarda sevgi haqqını qazanmaq cəhdi həmişə sevgililərin faciəli sonu ilə başa çatıb. Aristokrat Şirvanşirlər nəslindən olan azərbaycanlı Əlinin və bu yaxınlarda zadəgan titulu almış Kipiani ailəsindən olan gürcü Ninonun hekayəsi bir çox dünya versiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. Bir-birini tanımaq yolunda sevgililər çox maneələri, o cümlədən mədəniyyətlər arasında fərqi dəf etməli olurlar. Ancaq hisslər ağıldan daha güclüdür. Onların sevgisinin aşa bilməyəcəyi heç bir maneə yoxdur.

Romanın hekayəsi 1911-1918-ci illərdə Bakıda baş verən real hadisələrə əsaslanır.

24 mart – “Maskarad”

Tamaşanın premyerası 2013-cü il noyabrın 24-də təşkil olunub. Mixail Yuryeviç Lermontovun 200 illiyinə həsr olunmuş tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə həyata keçirilib. Tamaşaçılara 2022-ci il mayın 27-də isə bir sıra dəyişiklər olunmuş “Maskarad” təqdim olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

M.Y.Lermontovun əsəri əsasında səhnələşdirilmiş dram tamaşaçıya Yevgeni Arbeninin həyat yoldaşı Ninanın ona xəyanətini təsvir edən təxəyyülünün faciəsini açır. Bu tamaşa işıqlı tərəfə çıxmağa cəhd göstərən insan qəlbinin yolu haqqındadır.

29 mart – “Kapitan qızı”

Tamaşanın premyerası 2023-cü il iyunun 9-da olub və dahi rus yazıçısı A.S.Puşkinin anadan olmasının 225 illiyinə həsr edilib. Quruluşçu rejissor İqor Konyayevdir (Rusiya).

A.S.Puşkinin eyniadlı povesti əsasında səhnəyə qoyulan tamaşa imperatriça Yekaterinanın hökmranlığı dövründə Yemelyan Puqaçovun üsyan hadisələrini əks etdirir, zabit Pyotr Qrinev ilə qalanın komendantının qızı Maşa Mironovanın zərif sevgisindən söhbət açır.

30 mart – “Artistin taleyi”

Azərbaycan dramaturqu Elçinin pyesi əsasında hazırlanan tamaşanın premyerası 2016-cı il mayın 20-də olub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti İranə Tağızadədir.

Azərbaycan teatr sənəti tarixinə adı qızıl hərflərlə yazılan aktyor Ərəblinskinin faciəli və sirli taleyi dramaturq və rejissor İranə Tağızadə tərəfindən ətraflı tədqiq olunur. Onun müəmmalı şəraitdə ölümünün səbəblərinin üstü hələ də açılmayıb. Lakin bununla bağlı şayiələr, əfsanələr, variantlar çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR