Qohum evliliklərində uşaqlar psixoloji olaraq sağlam böyümürlər - Psixoterapevt

Prezidentin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə deyib ki, əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər. O bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur.

Hazırda belə qurulan evliliklərlə bağlı düşündürən suallardan biri də bu əlaqədən sonra yaranan psixoloji gərginliklər, travmalardır.

Mövzu barədə Metbuat.az-a açıqlama verən psixoterapevt Rövşən Nəcəfov bildirib ki, qohum evliliklərinin reallaşması mühitin yaratdığı düşüncəyə bağlıdır. Müsahibimiz deyir ki, əgər mühitdə bu fikir normal qarşılanarsa, heç kim bu məsələni sorğulamayacaq:

“Qohum evlilikləri ailədə böyük hesab edilən şəxslərin qərarları ilə formalaşır. Bu evliliklərin baş verməsində sosial, iqtisadi, psixoloji, dini və coğrafi səbəblər ola bilər. Psixoloji faktorların əhəmiyyəti daha çoxdur. Bütün baxış bucaqlarında psixoloji tərəf mövcud olduğu üçün, psixoloji maarifləndirmə ilə qohum evliliyinə qarşı düşüncə immuniteti yaratmaq olar. Qohum evliliyi keçmişdən bu günə qədər düşüncə olaraq formalaşmış və ənənəyə çevrilmiş mədəniyyət halqasıdır. Bəzən ailələr düşünür ki, qız övladlarını yad bir şəxslə ailə qurmasına icazə versələr, daha sonra onunla müntəzəm görüşməkdə problem yaşaya bilərlər. Bu və ya buna bənzər düşüncələrlə insanlar qohum evliliklərini davam etdirirlər. Tarixdə səbəblər fərqli olub, indi səbəblər fərqli, amma məğz eynidir”.

Ekspert vurğulayıb ki, qohum evliliklərində həm bioloji, həm də pisxoloji uyğunsuzluq var:

“Bioloji uyğunsuzluq odur ki, qan qohumluğundan dünyaya gələn uşağın ölüm faktoru normal evlilikdən daha çoxdur. Genetik xəstəliklər sürətli formada insan orqanizmində tətiklənir və reaksiya verir. Psixoloji aspektdən baxdığımız zaman, insanların rahatlıq və davamlılıq üçün qohum evliliklərini dəstəklədiyini müşahidə edirik. Əslində problem elə bu məqamdadır. Ailədə baş verən hansısa problem kənar şəxslərin müdaxilələrini ailədə iştirakçı edir. Qohum evliliklərində, cütlüklərdə psixoloji uyğunsuzluq olsa belə, onlar yollarını ayırmırlar. Ənənəyə çevrilmiş bu düşüncə tərzi insanları məcburiyyətə təşviq edir.

Rövşən Nəcəfov hesab edir ki, qohum evliliklərində mübahisə daha çox olduğu üçün uşaqlar da psixoloji olaraq sağlam böyümürlər:

“Ailə müqəddəsdir” ifadəsini işlədərək insanların xoşbəxtliyini əlindən almaq olmaz. Ailə, iki bir-birini sevən şəxsin hüquqi və psixoloji inşa etdiyi sağlam düşüncədir. Qohum evliliyi qadağan olunmalıdır. Bioloji və psixoloji sağlam cəmiyyətin qurulmasında qanunun sərt üzü insanlara göstərilməlidir. Gələcəkdə bu, sağlam düşüncəni formalaşdıracaqdır. Bütün vasitələrlə qohum evliliyinin istər psixoloji, istərsə də bioloji fəsadları təbliğ olunmalıdır. Ailə qurmamışdan öncə cütlüklər psixoloji uyğunluq testlərindən keçməlidirlər. Valideynlər övladlarının gələcəyini düşünərək mövqe ifadə etməlidirlər. Psixoloji uyğunluq testləri zamanı şəxsin və ya şəxslərin həm də psixoloji halları, hansısa asılılıqdan əziyyət çəkdikləri də müşahidə oluna bilər. Psixoloji uyğunsuzluq ortaya çıxarsa, onu aradan qaldırmaq üçün evliliyə hazırlıq və cütlük terapiyaları kimi psixoloji konsultasiyalarla dəstək olmaq mümkündür. Peşəkar dəstək olmaqla, gələcəkdə baş verəcək bəzi mənfi halların qarşısını almaq olar. Ailə hüquqi və psixoloji prosesdir. Qanunun düşüncəni formalaşdırması əsas meyardır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR