“Bu evliliklərdə əqli gerilik və qan xəstəlikləri olan uşaqlar doğulur” - Ginekoloq

Son günlərdə ölkədə qohum evliliklərinin ləğvi məsələsi müzakirə edilir. Qohum evlilikləri zamanı cütlüklərin fiziki qüsurlu uşaqlarının dünyaya gəlməsi, doğulan uşaqların sağlamlığında problemlər yaranması gündəmə gəlib.

Mövzu ilə bağlı Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 4 saylı Qadın Məsləhətxanasının həkim-mama-ginekoloqu Xanım Məhərrəmova Metbuat.az-ın suallarını cavablandırıb:

- Qohum evliliyi doğulacaq körpələrdə hansı fəsadları yarada bilər?

Qohum evliliyi, qan qohumluğu olan şəxslər arasında qurulan ailələrdə baş verir. Əlbəttə, qohum evliliyi həm qadının fiziki və bioloji sağlamlığı üçün, eləcə də doğulacaq körpənin sağlamlığı və həyatı üçün ciddi problem yaradır. Qohum evlilikləri zamanı talassemiya, hemofiliya, psixi xəstəliklər, karlıq, qlaukoma, dayaq-hərəkət sisteminin qüsurları, inkişafdan qalan hamiləlik, ürək qüsurları olan uşaqların doğulması və nəticədə uşaq ölümləri, bir yaşa qədər körpələrin qəfil ölümü kimi xəstəlik və problem meydana çıxır.

- Ən çox rast gəlinən xəstəliklər, xüsusən də irsi xəstəlik hansıdır?

Ümumiyyətlə, 6 minə yaxın irsi xəstəlik mövcuddur. Şəkərli diabet, arterial hipertenziya, şiş xəstəlikləri, həmçinin onkoloji xəstəliklərə meyillilik kimi xəstəliklər irsi xəstəliklər sayılır və daha çox yayılan növlərdir. Genetik xəstəliklər isə genin mutasiyaya uğrayan forması ilə meydana çıxan xəstəliklərdir. Qohum evliliyi zamanı ailədə daşıyıcılıq olduqda, genetik xəstəliklər üzə çıxa bilir.

- Ata-ana genetik xəstəliyin daşıyıcısıdırsa, uşağın xəstə doğulma ehtimalı nə qədərdir?

Ata və ana xəstəlik daşıyıcısıdırsa, uşağın xəstə doğulma ehtimalı da yüksək ola bilir. Bəzi xəstəliklər var ki, onlar ana geni, bəziləri isə ata geni daşıyıcıları olur. Məsələn, hemofiliya, alkoqolizm kimi xəstəliklər ana geni daşıyıcısıdır. Ata geni ilə daha çox şizofreniya, mərkəzi sinir sistemi xəstəlikləri körpəyə ötürülür. Bu səbəbdən də vətəndaşlara tövsiyə edirik ki, qohum evliliyi etməsinlər.

- Bəziləri düşünür ki, xalaqızı-xalaoğlu ilə evlənmək olmaz, amma əmiqızı-əmioğlu ilə evlənmək olar. Bu zaman qüsurlu gen faktoru özünü biruzə verə bilərmi?

Qadında “XX”, kişidə isə “XY” xromosomları olur. İki “X” xromosomu birləşirsə, xəstəlik əmələ gəlmə ehtimalı yüksək olur. Bu isə qohumluğun növündən yox, daha çox xromosom birləşməsindən asılı olur. Bəzi ailələr var ki, bir neçə nəsil olaraq öz çevrəsindən, arealından kənara çıxmadan qohum evliliyi edirlər. Bu zaman cütlüklərdən əqli geriliyi və qan xəstəlikləri olan uşaqlar doğulur.

- Bütün qohum evliliklərində xəstə uşaqların doğulması ehtimalı fikrinə münasibətiniz necədir?

Əgər digər qohumlar arasında qohum evliliyi yoxdursa, amma ilk dəfə dayıqızı-bibiğlu və ya əmiqızı-əmioğlu ailə qurubsa, bu zaman uşaqların xəstə doğulma riski az da olsa, var.

- Ortada sevgi faktoru güclüdürsə, cütlüklər qohumdursa, bu zaman hansı qabaqlayıcı analiz və müayinələrlər bu evliliyə razılaşmaq olar?

Əlbəttə ki, ailənin qurulmasında ən önəmli məqam sevgi faktorudur. Hazırda müasir üsullar, müayinələr və analizlər var ki, hamiləliyin onuncu həftəsinə qədər döldə olan patologiyaları aşkarlaya bilər. Amma tam olaraq hamiləliyin sonunadək baş verə biləcək xəstəlikləri aşkarlamaq mümkün deyil. Bir daha ailələrə tövsiyə edirik ki, qohum evliliyi ilə ailə qurulmasın. Bu, qadının və doğulacaq körpənin sağlamlığı üçün xüsusi önəm daşıyır. Eyni xromosomların və genlərin birləşməsi gələcəkdə çox ciddi fəsadlar verə bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR