7 yaşlı uşağın qətlində təqsirləndirilən idmançının məhkəməsi təxirə düşdü

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məşq zamanı yeddi yaşlı Fərid Bakarovu öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Metbuat.az-ın məlumatına görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz demək üçün vaxt istəyib.

Proses martın 19-na təyin olunub.

Xatırladaq ki, ötən prosesdə prokuror Mehman Xəlilova 20 il həbs cəzası istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib. Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.

M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR