Bu səbəbdən ətin qiyməti arta bilər - AÇIQLAMA

"Ölkədə çox ciddi ət çatışmazlığı hiss olunur. Bu ilin yanvar-fevral aylarında idxal ətinin fiziki həcmi 2 dəfə artıb. Ötən ilin yanvar ayı ilə müqayisədə də bu il 2 dəfə çoxdur. Keçən il 220 min ton, bu il isə 450 min ton idxal etmişik. Fevral ayında da göstərici eynidir. Mart ayında isə bu bir qədər də artacaq. Çox ciddi ət çatışmazlığı hiss olunduğuna görə, bu, qiymətin bahalaşmasına gətirib çıxara bilər. Həm də ölkənin bu seqment üzrə ixracdan aslılığı da get-gedə arta bilər".

Bu sözləri Metbuat.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, bu işə bir qədər nikbin yanaşmağa əsas da var.

"İşğaldan azad olunmuş ərazilər heyvandarlıq üçün çox münbit şəraitdir. Zaman-zaman həmin ərazidə Azərbaycan vətəndaşları heyvandarlığla məşğul olublar. İndi həmin ərazilərdə minalanmış sahələr təmizlənir və orada heyvandarlığın inkişafı üçün fürsət olacaq. Bununlanda biz ət çatışmazlığını müəyyən qədər azalda bilərik.

Amma bu təkcə çıxş yolu deyil, ölkənin başqa ərazilərində də heyvandarlıqla məşğul olanlar stimullaşdırılmalıdır ki, ölkə daxilində ət istehsalı genişləndirilsin. Digər tərəfdən, heyvandarlıqla məşğul olmaq istəyən fermerlərin qarşısında duran maneələr aradan qaldırılmalıdır. Heyvandarlıq seqmenti daha yaxşı şəkildə subsidiyalaşdırılmalıdır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR