“Putinin güclü rəqibləri torpağın altındadır” - Politoloq

15-17 mart tarixləri arasında 3 gün davam edəcək prezident seçkilərində Rusiya prezidentini seçəcək. Bəzi mənbələrin məlumatına görə, hazırkı prezident Vladimir Putin rəqiblərindən olduqca qabaqdadır.

Rusiyadakı prezident seçkiləri ab-havasını Metbuat.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Putinin güclü rəqibləri artıq torpağın altındadır:


“Bildiyiniz kimi, həmin rəqiblərdən biri Borus Nemsov, digəri isə Aleksey Navalni idi. Əgər onlar mübarizə aparsaydılar, seçkinin nəticələrinə güclü təsir edə bilərdilər. Boris Nemsov qatı müxalifətçi idi. Aleksey Navalninin öldürülməsi də təsadüfi deyil. Hər iki rəqibin aradan çıxarılması seçki öncəsi baş vermişdi.Düşünmürəm ki, bu hazırkı prezidentin sifarişi ilə edilib. Ola bilsin ki, Putinin hakimiyyətdən düşməyə imkan vermək istəməyən qüvvələr var. Həmin qüvvələr Qərbdən Putinə təzyiqi artırmaq və özlərinin hakimiyyətini möhkəm saxlamaq üçün də Navalnini sıradan çıxara bilərdilər. Bütün hallarda Navalninin ölümü təsadüfi hal kimi dəyərləndirilə bilməz”.

Hazırda seçkidə iştirak edən rəqiblərin heç birinin Putinə problem yarada bilməyəcəyini qeyd edən politoloq hesab edir ki, Putinin əlində administrativ riçaqlar da var:

“Bu da o deməkdir ki, indiki vəziyyətdə Putinin rəqibi yoxdur və o yenidən Rusiya prezidenti seçiləcək”.

Xatırladaq ki, 3 gün davam edəcək seçkilərdə Moskva da daxil olmaqla Rusiyanın 29 regionunda seçicilər ilk dəfə məsafədən səs verə biləcəklər.

2022-ci ildə Ukraynadan ilhaq edilmiş Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərində ilk prezident seçkiləri üçün səslər veriləcək. Vladimir Putinin rəbiqləri isə, Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski, Rusiya Kommunist Partiyasından namizədliyi irəli sürülmüş parlament üzvü Nikolay Xaritonov və Yeni Xalq Partiyasının sədr müavini Vladislav Davankovdur. Qeyd edək ki, Vladimir Putin dörd dəfə Rusiya prezidenti olub.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR