Ceyhun Bayramov BMT İnkişaf Proqramının administratoru ilə görüşüb - FOTO

15 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının administratoru Axim Ştayner ilə görüşüb.

Bu barədə Metbuat.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə BMT İnkişaf Proqramı çərçivəsində əməkdaşlıq gündəliyi, mövcud perspektivlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlığın müsbət nəticələrindən bəhs edərək, mövcud tərəfdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

COP29 ilə bağlı hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov ölkəmizin COP29 sədrliyinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində müxtəlif tərəflərlə substantiv danışıqlar prosesini apardığı, eyni zamanda zəruri təşkilati tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Postmünaqişə dövründə ölkəmiz tərəfindən görülən bərpa-quruculuq, habelə sülh səylərindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən ərazilərimizin kütləvi şəkildə minalanmasının, həmçinin bu ölkənin minalanmış ərazilər barədə məlumatları təqdim etməkdən imtina etməsinin vətəndaşlarımızın həyat və sağlamlığına, habelə aparılan bərpa işlərinə təhdid törətdiyini diqqətə çatdırıb. Minaların təmizlənməsi işində beynəlxalq səylərin səfərbər olunmasının zəruriliyi vurğulanıb.

Axim Ştayner Azərbaycanın inkişaf sahəsində əldə etdiyi nailiyyətlərin nümunəvi olduğunu qeyd edib. BMT İnkişaf Proqramı tərəfindən mina təhlükəsinə qarşı mübarizəyə, o cümlədən bu istiqamətdə təşəbbüslərin müzakirəsinə əhəmiyyət verildiyi bildirilib.

Daha çox karbohidrogen resursları ilə zəngin ölkə kimi tanınan Azərbaycan tərəfindən COP29 -un sədri qismində nümayiş olunan mövqe və yanaşmanın təqdirəlayiq olduğu bildirilib, bu istiqamətdə uğurlu sədrlik fəaliyyəti arzu edilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı