Hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir - FOTO

Hərbi qulluqçuların maarifləndirilməsi üzrə müdafiə nazirinin təsdiq etdiyi cari il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən məşğələlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, məşğələlərdə şəxsi heyətlə hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin düzgün təşkil edilməsi və digər mövzularda söhbətlər aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlərlə bağlı məlumatlar hərbi qulluqçulara çatdırılır, Müdafiə Nazirliyi rəhbərliyinin rəsmi görüş və səfərləri, eləcə də regionda baş verən hadisə və yeniliklərlə bağlı ətraflı məlumatlar verilir.

Məşğələlərdə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın əziz bayramı sayılan Novruzun tarixindən, xalqımızın qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərimizə əbədiyaşarlıq qazandıraraq Novruz ənənələrini qoruyub saxlamasından danışılır.

Bundan başqa, söhbətlər zamanı azad olunmuş ərazilərimizin tarixindən, eləcə də bu ərazilərin azad edilməsində qəhrəman hərbçilərimizin göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR