Polkovnik-leytenant vəfat etdi - FOTO

Ehtiyatda olan polkovnik-leytenant vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov özünün sosial media hesabında yazıb:

"Dünən səhər saatlarında bizim əziz və çox mehriban zabit dostlarımızdan biri olan ehtiyatda olan polkovnik-leytenant Ağasəməd Manafov sıralarımızdan ayrıldı. Haqqın dərgahına qovuşdu. 6 yanvar 1970-ci ildə Bakıda anadan olan zabit dostumuz Cəmşid Naxçıvanski adına hərbi liseyi -(1984-1987-ci illər) bitirdikdən sonra, Lvov Ali Hərbi Siyasi Məktəbinə daxil olub və 1988-ci ildən 1992-ci ilə qədər orada ali hərbi təhsil alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti kimi xidmətə başlayıb və 2015-ci ildə ehtiyata tərxis olunub.

Təhsil aldığı ali hərbi məktəblərin hər ikisində nümunəvi və əlaçı müdavim, kursant olub. Zabit kimi də üzərinə düşən tapşırıqları yüksək səviyyədə yerinə yetirib. Müxtəlif vəzifələrdə pillə-pillə irəliləyərək polkovnik-leytenant rütbəsinə kimi yüksəlib. Gözəl ailə başçısı olan Ağasəməd Manafovun 2 gözəl qız övladı ondan yadigar qalıb. Qızların hər ikisi Azərbaycan Tibb Universitetinin 2-ci və 5-ci kurs tələbələridir.

Dünən saat 17-18 radələrində Bakının qədim və möhtəşəm Maştağa kənd qəbirstanlığında dəfn olunan qardaşımızın hüzr mərasimi onun ata ocağında keçirilir. Sabah saat 18-də əziz dostumuzun və qardaşımızın məzarı ziyarət olunacaq və ata ocağında ona mərasim keçiriləcəkdir. Onu tanıyan və bilən dostlara xatırlatmaq istərdim ki, əziz Ağasəməd qardaşımız biz Lvov Ali Hərbi Siyasi Məktəbinin məzunları arasında son dərəcə böyük hörmətə və diqqətə layiq yoldaşlardan biri idi. Lvov Məzunlarının sosial media üzərindən yaradılmış qrupun ən fəal və ən zarafatcıl üzvlərindən biri idi. Hamımız dərin sarsıntı və hüzn içindəyik. Allah qardaşımıza qəni-qəni rəhmət eləsin. Məkanı cənnət, ruhu daima şad olsun".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR