"Ermənilərin hansı vəhşiliklər törətdiklərini bütün dünya bilməlidir" - Deputat

“1918-ci ilin martından başlayaraq ermənilər və onların xüsusi rol aldığı Bakı Soveti tərəfindən azərbaycanlılara qarşı törədilən hadisələr ilk dəfə olaraq soyqırım kimi xarakterizə edilə biləcək hadisələrdir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə deyib. Şöbə müdiri bildirib ki, bu prosesin təşkilində o zaman faktiki olaraq Bakıda hakimiyyətə nəzarət edən Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti əsas rol oynayıb və soyqırımı törədən qüvvələri öz başçılığı altında birləşdirə bilib:


“Soyqırımın törədilməsindən bir müddət sonra onların dünyaya çatdırılması, hadisələrin səbəbkarlarının öyrənilməsi üçün ilk addımlar hələ Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə, Ələkbər bəy Xasməmmədovun başçılığı altında xüsusi bir təhqiqat araşdırma komissiyası yaradılıb. Həmin komissiya tərəfindən azərbaycanlıların tarixi abidələrinə qarşı törədilmiş vandalizm aktları öyrənilib, bununla bağlı şahid ifadələri toplanıb. Xüsusilə azərbaycanlıların soyqırımı ilə bağlı ümummilli lider Heydər Əliyevin qəbul etdiyi qərardan sonra bu istiqamətdə aparılan işlər daha da genişləndirilib. İndiyə qədər bu soyqırımın dünyaya tanıdılması istiqamətində bir çox addımlar atılıb. Soyqırımla bağlı faktları toplayan təhqiqat komissiyasının sənədləri müxtəlif tarixçilər, tədqiqatçılar tərəfindən araşdırmalara cəlb olunaraq, o dövrə aid ən müxtəlif əsərlər yazılmış, eləcə də həmin dövrə aid sənədlərin toplular şəklində müxtəlif dillərdə nəşrinə nail olunub”.

Ekspertin fikirlərinə görə, Qərb ölkələri azərbaycanlılara qarşı törədilmiş hansısa soyqırımı tanımaq istəyirlərsə, ilk növbədə Xocalı soyqırımının tanınması istiqamətində addım atmalıdır. Çünki Xocalı elə də uzaq bir tarix deyil:


“Xocalıda bu soyqırım cinayətini törədənlərin kimliyi, bununla bağlı foto və video faktlar və hətta Ermənistana müxtəlif dövrlərdə rəhbərlik etmiş şəxslərin etirafları bəllidir. Amma 1918-ci ilin martında törədilən hadisələri bu soyqırımı unutmamaq, xalqımızın gələcəkdə atacağı addımları dəqiq müəyyənləşdirilməsi baxımından çox önəmlidir. Bizim bu tarixdən dərs çıxarmalı olduğumuz məsələ ondan ibarətdir ki, ermənilər heç bir zaman keçmişdə baş vermiş hadisələri unutmurlar. Erməni milliyyətçiləri, xüsusən Daşnaksütyun hər zaman intiqamçı əhval-ruhiyyə ilə yaşayıb. Bİz hər zaman, bu gün də, gələcəkdə də, millət, dövlət olaraq güclü olub, kənardan gələcək bütün təhlükələrə qarşı çox diqqətli davranmalıyıq”.

Ermənilər hər zaman dünyada baş verən əlverişli tarixi proseslərdən istifadə edərək uydurduqları "Böyük Ermənistan" ideyalarını həyata keçirmək üçün azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə həyata keçirdiyini xatırladan millət vəkili Kamilə Əliyeva Metbuat.az-a bildirib ki, heç vaxt bir millət və xalq kimi formalaşmağı bacarmayan ermənilər həmişə digər xalqlara qarşı məkrli, düşmən mövqeyi nümayiş etdiriblər:

“Azərbaycan qadını gənc nəslin tərbiyə olunması işini şərəflə bacarır” -

“1918-ci ilin mart soyqırımı tək Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı cinayətlərdən biri oldu. Ermənilər azərbaycanlılarla yanaşı, bu ərazilərdə yaşayan minlərlə ləzgi, yəhudi, avar, rus millətindən olan insanları da qətlə yetirmişlər. Ermənilər soydaşlarımızı qətlə yetirməklə yanaşı, dini, mədəni-tarixi abidələrimizi də dağıdaraq yerlə yeksan etmişlər.

1990-cı illərdə aparılmış tədqiqat nəticəsində məlum olmuşdur ki, ermənilər Şamaxı şəhərində 14-16 min, Şamaxının kəndlərində isə 6-8 min nəfər azərbaycanlını xüsusi amansızlıqla qətlə yetiriblər. Quba şəhərində təxminən 2900, Quba qəzası üzrə ümumilikdə 4000 nəfərdən artıq azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib. Tədqiqatlar zamanı məlum olmuşdur ki, burada insanlar odlu silahlarla öldürülməyib, onların başları kəsilib, küt alətlərlə başlarına mismar vurmaqla qətlə yetiriliblər.

Baş vermiş bu vəhşiliklər və soyqırım siyasətinə məhz ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib. Ulu öndərin 1998-ci ilin martın 26-da imzaladığı Fərmanla 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib”.

2007-ci ildə Qubada qazıntı işləri zamanı aşkar edilən kütləvi məzarlıqların 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş insanların cəsədləri olduğunu qeyd edən millət vəkili əlavə edib ki, Qubada törədilmiş bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillərin yaddaşlarında qorunub saxlanılması məqsədi ilə Prezident İlham Əliyev "Soyqırım memorial kompleksinin yaradılmasına qərar verib:


“Erməni-bolşevik dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdiyi soyqırımın dünya ictimaiyyətinə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalayıb. Özlərini dünyaya yazıq, məzlum xalq kimi təqdim etmək istəyən ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı hansı vəhşiliklər törətdiklərini bütün dünya bilməlidir. Prezident İlham Əliyev tarixi faktlarla bütün dünyaya ermənilərin əsl xislətini, eləcə də müasir Ermənistan dövlətinin işğalçı bir dövlət olduğunu sübuta yetirdi”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR