AKP seçkilərdə buna görə uğursuz oldu - SƏBƏBLƏR

"AKP-nin (Ədalət və İnkişaf Partiyası) bu seçkilərdə əsas məqsədi 2019-cu ildə CHP-yə (Cümhuriyyət Xalq Partiyası) məğlub olduğu kritik bölgələrdə - İstanbul və Ankara kimi şəhərlərdə bələdiyyə başqanlığını geri almaq idi. Lakin artıq məlum olan qeyri-rəsmi nəticələrə əsasən, AKP nəinki İstanbul və Ankarada qalib ola bildi, hətta 30 böyük şəhərdən sadəcə 11-də bələdiyyə başqanlığını qazandı, 15 böyük şəhərdə isə CHP qazandı".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. Onun sözlərinə görə, 2019-cu il bələdiyyə seçkiləri ilə müqayisə etsək, AKP daha çox səs itirmiş oldu:

"Əgər o zaman AKP-yə 42 faiz, CHP-yə 28 faiz səs verilmişdisə, indiki seçkilərdə AKP cəmi 35,5 faiz səs qazanıb, CHP isə 37,7 faiz. Ankara və İstanbulda CHP namizədləri çox böyük bir fərqlə AKP namizədlərini geridə qoydular. Nəticədə İstanbulda yenə də Əkrəm İmamoğlu, Ankarada isə Mansur Yavaş qalib gəldi".

Politoloq düşünür ki, artıq AKP-nin əvvəlki nüfuzunun qalmadığını söyləmək olar:

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özü də etiraf etdi ki, bu seçkilərdə onlar qələbə çala bilmədilər. Bunun da müəyyən səbəbləri var. Türkiyənin daxilindəki sosial-iqtisadi problemlər, Türkiyə iqtisadiyyatındakı geriləmələr, lirənin qiymətinin düşməsi, ölkədə qiymətlərin qalxması AKP-nin nüfuzuna mənfi təsir göstərdi.

Digər tərəfdən miqrasiya məsələləri də rol oynadı. Bilirik ki, Suriyadan gələn qaçqınların yerləşməsinə qarşı olan insanların sayı günü-gündən artmaqdadır. Ötən il baş verən zəlzələ də rol oynadı. Həmçinin AKP-nin artıq 21 ildir hakimiyyətdə olması seçkilərin nəticəsinə təsir edən faktorlardandır. Türkiyə xalqı arasında da yenilik istəyənlərin, yeni iqtidar istəyənlərin sayı çoxalmaqdadır".

Sultan Zahidov son olaraq qeyd etdi ki, bu, Ərdoğanın son seçkiləri olacaq:

Məlumdur ki, Ərdoğan artıq növbəti prezident seçkilərində iştirak edə bilməz, konstitusiya buna icazə vermir. Bu artıq Ərdoğanın Türkiyə siyasətindən getməsinin şəklidir. Amma sözsüz ki, qarşıda hələ 4 il var və bu müddətdə çox iş görmək olar. Ərdoğanın öz partiyasında da islahatlar baş verməlidir. O öz balkon çıxışında da bildirdi ki, nəticələrdən dərs çıxaracaq və islahatlar həyata keçirəcəklər.

AKP-nin digər namizədlərinin güclü olmaması seçkilərdə məğlub olmalarında rol oynadı. Ərdoğan isə güclü liderdir, o, hakimiyyətdə olduğu dövrdə Türkiyəni regionda əsas gücə çevirməyi bacardı".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı