“Neft qiymətlərinin 93 dollara yaxınlaşmasının yaxın müddətdə nə qiymətlərə, nə də iqtisadiyyata heç bir təsiri yoxdur. Ona görə ki, artan neft qiymətlərinin əsas toplandığı yer neft fondudur”.
Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. İqtisadçının sözlərinə görə, hər 10 dollar qiymətin yüksək olması, illik ortalama dövlətimizə 2.1 milyard manat xeyir verir:
“Bunun 1.7 milyard manatı birbaşa neft fonduna gedir. Neft fondunun qalıqlarını artırır. Yəni iqtisadiyyata təsir etmir, fonda toplanır. 400 milyonu isə büdcəyə gəlir. Büdcənin gəlir hissəsini artırır. Amma bu, illik əsaslardır”.
Ekspert qeyd edib ki, büdcəyə artıq toplantılar o vaxt təsir edə bilər ki, büdcə xərclərinə yenidən baxılıb, artırılsın:
“Əgər iyun-iyul ayında büdcəyə yenidən baxılması, həmin xərclərin dəqiqləşdirilməsi həyata keçirilsə, artırılsa, təsiri olacaq. Əks halda büdcədə qalıb profisit kimi növbəti ilin gəlirlərində nəzərə alınacaq. Neftin qiymətinin artması nə benzinin qiymətinə təsir edir, nə də hər hansısa xərcləri dərhal artırır”.
Seyranə Quliyeva / Metbuat.az