Görüş öncəsi İlham Əliyevə gələn zəngin sirri - "ABŞ yaxşı başa düşür ki..."

"Brüsseldə aprelin 5-də keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş Azərbaycan tərəfindən birmənalı olaraq narazılıqla qarşılandı və bu barədə diplomatik kanallarla görüşü təşkil edən tərəflərə, xüsusilə ABŞ və Aİ-yə mesaj çatdırıldı. Azərbaycanın Cənubi Qafqazda gedən proseslərə həsr olunmuş görüş və konfransa dəvət olunmaması həqiqətən də normal qəbul olunmamalıdır. Azərbaycan narazılığını bildirməklə ən doğru yolu seçdi. Azərbaycanın narazılığını əsaslı hesab etdikləri vaxt artıq gec idi və Azərbaycanın görüşə dəvət olunmaması təşkilatçıları çətin vəziyyətdə qoyacaqdı".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, Entoni Blinken vəziyyəti dolayı yolla düzəltməyi qərara aldı:

"Azərbaycan tərəfi görüş və konfrans zamanı əleyhimizə müəyyən qərarların qəbul edilməsindən narahatdır. Bu qərar ilk növbədə Ermənistanın silahlandırılması istiqamətində aparılacaq müzakirələr ola bilər. Görüşü təşkil edənlər isə sırf Ermənistana iqtisadi yardım vermək və onun Rusiyanın təzyiqi qarşısında dözümlülüyünü gücləndirmək fikrində olduqlarını bəyan edirlər.

Bakı görüşün və onun ardınca konfransın şəffaf keçirilmədiyini əsas götürərək tədbirlərin Azərbaycan əleyhinə yönəldiyinə israr edir. ABŞ-nin dövlət katibi Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək 5 aprel görüşünün məqsədini şəxsən izah etməsi məhz Azərbaycanı sakitləşdirmək məqsədi daşıyırdı".

Polotoloqun sözlərinə görə, həm ABŞ, həm də Avropa İttifaqında gözəl başa düşürlər ki, Ermənistanla bağlı qəbul etdikləri istənilən qərar Azərbaycanın razılığı olmadan heç bir nəticə verməyəcək:

"Yəni onlar Azərbaycanın iştirakı və yardımı olmadan Ermənistanın iqtisadiyyatına və təhlükəsizliyinə zəmanət vermək imkanlarına malik deyillər. Yaxud Ermənistanı Azərbaycansız Rusiyanın "qəzəbindən" qorumaq onlara müəssər olmayacaq. Çünki, onlar Ukraynanı qorumaq məsələsində artıq özlərini “sınayıb”.

Blinkenin istəyindən asılı olmayaraq Azərbaycana qarşı regionda atılacaq istənilən addım mənafeyimizə uyğun olmasa, həyata keçməyəcək. Düşünürəm ki, bu barədə İlham Əliyev tərəfindən ona xəbərdarlıq edilib. Blinkenin zəngi eyni zamanda, Azərbaycanın regionda açar dövlət rolunu oynadığını bir daha sübut etmiş olur".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı